“Roma”nın əfsanəsi klubdan getdi – “Ölsəydim, daha yaxşı idi”
İtaliyanın “Roma” klubunun canlı əfsanəsi Françesko Totti paytaxt təmsilçisi ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, o, bu barədə qərarını bu gün İtaliya Milli Olimpiya Komitəsinin binasında jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında açıqlayıb.
Totti, bu qərarını “Roma”nın amerikalı sahibləri ilə aralarındakı münasibətlərdən qaynaqlandığını bəyan edib:
“Roma”dan ayrılmağa qərar verməyimin bir sıra səbəbləri var. 8 ildi, amerikalılar gəldiyindən bəri “Roma”nın əfsanəvi futbolçularını bu klubdan uzaqlaşdırmağa çalışdılar. Mən də o zaman futbolçu karyeramı məhz onlar istədiyinə görə başa vurmalı oldum. Klub idarəçiliyində çalışmağım üçün 6 illik müqavilə imzalamağımızı istədilər. Amma heç bir zaman klubla bağlı mühüm qərarların verilməsində iştirakçı olmadım. 2 ildi vəzifədə olsam da, uzağı 10 toplantıya çağırılmışam. Klubdakı dəyişikliklər barədə ən sonda mənə xəbər verilirdi. Məni həmişə kənarda tutmağa çalışdılar”.
Totti klubdan müvəqqəti ayrıldığını, nə vaxtsa yenidən “Roma”ya qayıdacağını söyləyib: “Klubun yeni bir sahibi olsa, o zaman “Roma”ya dönə bilərəm. Mən romalılara qarşı heç bir vaxt yanlış hərəkət etmədim, etmərəm də. Sizi əmin edirəm ki, bu, futbolçu kimi karyeramı başa vurmağımdan daha pisdi. “Roma”dan ayrılmaq ölümə bərabərdi. İndi ölsəydim, özümü daha yaxşı hiss edərdim”.
Qeyd edək ki, Totti, yetirməsi olduğu “Roma”da 24 il forma geyindikdən sonra 2017-ci ildə aktiv futbolçu karyerasını başa vurmuş və həmin dövrdən klub strukturunda fəaliyyətə başlamışdı.
Bizi Facebook-da izləyin