Roberto Bordin: “İlk oyundakı 3:0 bizi aldatmamalıdı”
“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın “Speranta” klubuna qarşı keçirəcəkləri matçdan əvvəl fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis jurnalistlərlə görüşdə bunları deyib:
- Sabah bizi çətin oyun gözləyir. Futbolda hər şey ola bilər. Sabah çalışacağıq ki, qələbə qazanaq. İlk oyundakı qələbə bizi aldatmamalıdı. Boşalmaq olmaz, oyuna maksimum köklənməliyik. Rəqib ilk oyunda da bizə çətinlik yarada bilirdi. Bu oyunda da qələbə qazanmalıyıq.
- İlk oyunla müqayisədə heyətdə hansısa dəyişikliklər gözlənilirmi?
- Son məşqdən sonra əsas heyəti müəyyənləşdirəcəyik. İndidən dəyişikliyin olmasını deyə bilmərəm.
- Soni Mustivarla Baqali Dabo nə vaxt yaşıl meydanlara qayıdacaq?
- Hər iki oyunçu bizim üçün vacibdi. Mustivar komanda ilə birgə məşqlərə başlayıb. Yüksək xarakterə malik oyunçudu, heç vaxt təslim olmur. Sabah onu da heyətdə görə bilərsiz. Dabo da bərpa məşqlərini davam etdirir. Ümid edirik ki, tez sağalacaq.
- “Neftçi” bu mərhələni keçsə, yeni transferlər olacaqmı?
- İndi yalnız “Speranta” ilə oyunu düşünürəm. Oyundan sonra fikirləşəcəyik. Hamı yalnız sabahkı oyunu düşünür. Bundan sonra növbəti mövzu haqda düşünərəm.
- Sabahkı oyunda hansı nəticə sizi qane edəcək?
- İlk oyunda olduğu kimi çalışacağıq ki, oyuna diqtə edən tərəf biz olaq. Aqressiv oyun sərgiləyərək, qələbə qazanmaq istəyirik.
- “Arsenal” (Tula) oyununa görə ola bilərmi ki, “Neftçi” sirlərini gözlətsin?
- Hazırda ancq sabahı düşünürük.
- Komandanın oyunu sizi nə dərəcə qane edir?
- Mənə əsas lazım olan komandanın oyuna necə yanaşması idi. Rəqib fiziki cəhətdən bizdən daha hazırlıqlı ola bilər. Tapşırıq vermişdim ki, oyuna ciddi yanaşsınlar. Razı qaldım ilk oyundan. Ancaq bəzi səhvlər oldu, rəqib də bundan istifadə edərək, təhlükəli epizodlar yaratdı. Bunun üzərində çalışmışıq, sabah səhv etməməyə çalışacağıq.
- İlk oyundan sonra rəqibin baş məşqçisi “belə qələbə qazansaydım, 1 həftə yatmazdım” dedi. Sabah gözəl oyunla onun yuxusunu qaçırmağı düşünürsüzmü?
- Rəqib baş məşqçiyə hörmətlə yanaşıram. Onun dediklərinə şərh vermək istəmirəm. Mənə əsas olan komandamın yaxşı oyun sərgiləyib, qələbə qazanmasıdı.
- Rəqib baş məşqçinin açıqlamaları olarmı ki, “Neftçi”yə görə yox, sizə görə olsun? Çünki Moldovada onu çox məğlub etmisiz…
- Mənim onunla şəxsi problemim yoxdu, heç bu haqda düşünmürəm də. Bu sualı ona versəz, o uzun cavab verə bilər.
- Komandanın müdafiəsində problem olduğu görünür. Stankoviç də gəlib, ancaq o, ilk oyunda ehtiyatda qaldı. Nə üçün ona şans vermədiz?
- Komandada 6 müdafiəçi var. 4-ü mərkəz müdafiəçisidi. Güclü rəqabət var, həmin an üçün məşqçi kimi düşündüm ki, Mbodj və Kirilə şans verdim.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin