“Risk etdim və istədiyimə nail oldum” – Rafiq Hüseynov
Rafiq Hüseynov ikinci dəfə dünya çempionu oldu.
Komanda.az xəbər verir ki, Yunan-Roma güləşçimiz qələbə təəssüratlarını Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətiylə bölüşüb:
“Dünya Kubokundan sonra əməliyyat olundum və Avropa çempionatında optimal forma toplaya bilmədim. Ancaq komanda hesabında nəticə əldə etmək üçün millinin yanında oldum. Heç kim məğlub olmaq istəmir. Düzdür, medal qazana bilmədim. Ancaq əlimdən gələni etdim. Bəzi zədələr dünya çempionatı ərəfəsində mənə mane olurdu. Dəfələrlə olub ki, yarışa tam hazırsan, ancaq məğlub olursan. Bəzən də zədəli halda daha yaxşı çıxış edirsən.
Hesabda 0:7 geridə olsam belə özümə güvənirəm ki, geridönüş edə bilərəm. Çünki kifayət qədər texniki fəndlər işlədirəm. Əlbəttə, bu, həmişə alınmır. Lakin hesabda böyük fərqlə geri düşəndə heç vaxt həyəcanlanmıram. Qədərimizdə nə yazılıbsa, o da baş verir. Rusiya və Türkiyə güləşçiləriylə görüşdə geridönüş etmək asan deyildi. Hər zaman sona qədər mübarizə aparmağa çalışıram. Bəzən gənc idmançılarımız vaxtından əvvəl həvəsdən düşür, son 1 dəqiqədə və ya 30 saniyədə məğlubiyyətlə barışırlar. Amma bu gün Sənan Süleymanov son saniyəyədək kişi kimi güləşdi. Son dünya çempionuna qarşı qızıla bərabər mübarizə apardı.
Finaldan öncə atam və şəxsi məşqçim olan Radik müəllimlə video bağlantı ilə söhbət etdik. Həm ondan, həm də milli komandanın məşqçilərindən müəyyən tapşırıqlar aldım. Qərara gəldik ki, ikinci hissədə parter qazanım. İranlı güləşçinin fəndi boş icra etdiyini bilirdim. Bu vəziyyətdə onu tutub, vaxtından əvvəl qələbə qazanmaq istəyirdim. Təbii ki, təhlükəli vəziyyət idi. Amma idman riski sevir. Risk etdim və istədiyimə nail oldum.
İndi Olimpiada haqqında fikirləşmək istəmirəm. Ehtiyac olsa və qismətimdə varsa, Olimpiya Oyunlarında iştirak edəcəyəm. Karyeramdan narazı deyiləm. Əlbəttə, olimpiya çempionu olmaq istərdim. Ancaq bu uğur mənə nəsib olmasa da, məyusluq yaşamayacağam. Hal-hazırda istəyim odur ki, çoxdandır görmədiyim ailəmin, uşaqlarımın yanına gedim, yaxşı istirahət edərək bərpa olunum. Qarşıda bizi Bakıda keçiriləcək hərbçilərin dünya çempionatı gözləyir. Ondan sonrasına baxacağıq.
Gələn il dünya çempionatı olmayacaq. 2025-ci ilədək isə güləşəcəyimi düşünmürəm. 28 il əvvəl məhz bu gün atam məni güləş zalına gətirmişdi. Güləşə gəldiyim tarixdə 2-ci dəfə dünya çempionu oldum.
Avropa çempionatından sonra güləşmək istəmirdim. Çox məyus idim. Bu zaman dostlarım mənə mənəvi və psiloxoji dəstək oldu. Məni yenidən həvəsləndirdilər. Qələbəmi onlara həsr edirəm. Uğurlarımda dostlarımla yanaşı, ailəmin, məşqçilərimizin, federasiyanın – hər birinin rolu var”.
Bizi Facebook-da izləyin