Riad Rəfiyev: “Uduzmağımızın əsas səbəbkarı hakimlər idi”
Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Səbail”ə 0:3 hesabı ilə məğlub olan “Sumqayıt”ın prezidenti Riad Rəfiyev matçdan sonra müsahibə verib.
Komanda.az xəbər verir ki, klub rəhbəri jurnalistlərlə söhbət zamanı komandasının ağır məğlubiyyətinin səbəblərini açıqlayıb:
- Məğlubiyyətin səbəbini nədə görürsüz?
- Bu məğlubiyyətin səbəbini hakimdən soruşsaz, daha yaxşı olar. Hər halda, səbəbləri o daha yaxşı bilər.
- Demək istəyirsiz ki, ilk dəqiqədəki epizod həlledici oldu?
- Əlbəttə.
- Amma “Sumqayıt” da penalti şansından yararlana bilmədi.
- Hesab 0:3 olduqdan sonra bizə penalti vermək lazım deyil. Bizə penaltiləri vaxtında vermək lazımdı.
- “Sumqayıt”ın bu gün yaxşı oyun göstərdiyini də demək olmaz.
- Fikrinizə hörmətlə yanaşıram. Mənim fikrimcə, bu gün bizim məğlub olmağımızın əsas səbəbkarı hakimlər idi.
- Həm ötən, həm də bu mövsüm artıq 2-ci turda hakim haqsızlığı ilə qarşılaşdız. Bu barədə Hakimlər Komitəsinə müraciətiniz və ya başqa hansısa şikayətiniz olacaqmı?
- Bu haqda danışmışıq, hər şeyi bilirik. Təki, bu məsələlərdə qərəz olmasın. Amma belə epizodları hakim görməyəndə, başqa nə demək olar?
- Bəs siz necə düşünürsüz? Düşünmək olar ki, “Sumqayıt”a qarşı qərəz var, yoxsa sadəcə, səhv idi?
- Mənim fikrimcə, bu, qərəzlikdi.
- “Sumqayıt” kimi komanda ilk dəqiqələrdə olan epizoda görə “sınmalı” idi?
- Hakim birinci dəqiqədə rəqibə qırmızı vərəqə vermir. Bir dəqiqə keçir, penaltimizi vermir. 3 dəqiqə sonra isə qapımıza penalti təyin edir. Bunlar hamısı yekunda komandaya təsirini göstərir. Futbolçular da insandır. Onların da psixologiyası var, belə hadisələr onlara da təsir edir.
- Yarımmüdafiə xətti gənclərin ümidinə qalıb, onlar da belə oyunda vəziyyətdən çıxa bilmirlər. Yeni transferlər gözlənilir?
- Siz vəziyyətin necə olduğunu bilirsiz. Azərbaycanda bir futbolçu deyin ki, biz onu komandaya gətirə bilərik, amma gətirmirik. Bizə kömək edəcək futbolçu bilirsizsə, deyin. Biz sırf yerli futbolçularla oynamağa məcburuq.
- Bəlkə ölkə xaricində belə futbolçu tapa bilərsiz?
- Hansı futbolçu ilə danışmışıq, transferi alınmayıb. Bəziləri ilə hələ də danışıqlar aparırıq. Bəzi futbolçular çox yüksək məbləğ tələb etdi. Bəzilərinin də səviyyəsi Premyer Liqada oynamağa çatmadı.
- Oyundan sonra paltardəyişmə otağında futbolçularla görüşdə nə danışdız?
- Bu, klubun şəxsi məsələsidir.
- Oyunun hakimi vaxtilə “Şərurspor”da oynayıb. Hansı ki, bu klub oyun alqı-satqısı səbəbilə dağılıb…
- Bu barədə ilk dəfə sizdən eşidirəm. Məsələylə bağlı heç nə deyə bilmərəm.
- Az öncə qərəzlik haqda danışdız.
- Bu, mənim şəxsi fikrimdi. Şəxsi fikrimi deməyə ixtiyarım var. O hakimin harda oynadığı və s. məsələlər haqqında heç nə deyə bilmərəm.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin