Renduliç: “Sabah bizim üçün çox ağır oyun olacaq”
Avqustun 15-də UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında “Sabah” İrlandiyanın “Sent Patriks Atletik” klubunu qəbul edəcək.
Komanda.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliçin oyunöncəsi mətbuat konfransı keçirilib. Xorvatiyalı çalışdırıcı sabahkı matça hazır olduqlarını bildirib:
“Sabah bizim üçün çox ağır oyun olacaq. Nəticə hər iki komandanın şanslarının eyni olduğunu göstərir. Bəzi əskiklərimiz var, bildiyiniz kimi, səfərdə “qırmızı” almışıq. Çalışacağıq ki, bu əskikliyi aradan qaldıraq. Sabahkı matça hazırıq.
Müəyyən bir hissə sizinlə razıyam ki, səfərdə istədiyimiz kimi oynaya bilmədik. İlk 20 dəqiqə oyna nəzarət etdik. Amma “qırmızı”dan sonra mükəmməl oyun göstərə bilməzdik. Oyundan əvvəl də mən demişdim ki, şanslar 50-nin 50-yədir.
Sizə onu deyə bilərəm ki, resept çox sadədir. Hər kəs müdafiə olunmalıdır. Yaxşı nəticə istəyiriksə, Pavol Şafranko da daxil olmaqla hər kəs müdafiəyə kömək etməlidir.
Sizə onu deyə bilərəm ki, komandamız gəncdir. Klubumuz iki dəfə ardıcıl avrokuboklarda çıxış edir. Mənə görə, bu mükəmməl nəticədir. Bir həftədə iki oyuna çıxırıq. Uzun yolçuluqlar edirik və bu nəticələrə istər-istəməz təsir edir.
Mən bilirəm bizdə penaltini kim yaxşı yerinə yetirir, buna hazırlaşmamışıq. Hesab edirəm ki, sabahkı oyun penaltilərə qədər gedib çıxmayacaq”.
“Sabah” ilk matçda İrlandiya klubuna 0:1 hesabı ilə uduzub.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin