Regekampf: “İstəyirdim ki, “Qarabağ” qalib gələrək növbəti mərhələyə adlasın” – MÜSAHİBƏ
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf klubun televiziyasına açıqlama verib.
Komanda.az xəbər verir ki, o, Premyer Liqada bu tur keçiriləcək “Qarabağ”la oyun haqda danışıb:
- Bizim üçün çətin matç olacaq. “Qarabağ”a qarşı oynayacağıq. Onlar Konfrans Liqasının oyunundan qayıdıblar. Yüksək motivasiyalı olacaqlar. İstəyirdim ki, onlar qalib gələrək növbəti mərhələyə adlasınlar ki, daha rahat olsunlar. Nəticəni bilirik, ona görə də, derbi bizim üçün daha da çətin olacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Ən yaxşısını etmək istəyirik.
- Dörd oyundur ki, sabit olaraq eyni heyətlə meydana çıxırsız. Bu heyətlə “Qarabağ”a qarşı oynayacaqsız?
- Axırıncı oyundan sonra bəzi problemlər var. Onu aradan qaldıra bildik. Kilan Lebon, Höccət Haqverdinin problemi var idi, məşq etmirdilər. Düzdür, Eddi İsrafilov da qayıdıb, amma yüz faiz hazır deyil hələ. Oyuna qədər üç günümüz var. Çalışacağıq ki, “Qarabağ”la oyun üçün ən yaxşı onbirliyi seçək.
- Komandada vəziyyət necədir? Futbolçular tam olaraq “Qarabağ”la oyuna hazırdırlar?
- Düşünürəm ki, komandam hazırdır. Onlar oyuna daha da çox köklənməlidirlər. Son turda evdə oynadığımız oyunun daha da artığını “Qarabağ”a qarşı verməlidirlər. Əlbəttə ki, bunu edə bilsələr, öhdəsindən gəlsələr, bizim üçün pozitiv nəticə olacaq.
- Bu mövsüm “Qarabağ”a hər iki görüşdə uduzmusuz. Həmin məğlubiyyətlərdən nəticə çıxarmısız? “Azərsun Arena”da ən pis halda heç-heçəyə ümid edə bilərsiz?
- Biz hər oyunda qalib gəlmək istəyirik. Uduzmaq istəmirik. Bilirik ki, “Qarabağ”a qarşı keçirilən son iki görüşdə uduzmuşuq. Çalışacağıq ki, daha yaxşı oynayaq.
- Ardıcıl dörd oyundur ki, top buraxmırsız. Müdafiə və qolkiper inamlıdır. Bu haqda fikriniz necədir?
- Bu oyundan sonra səviyyəmizi biləcəyik. Ümid edirəm ki, bu matçda da qapımızda qol görmərik və bu yolda da yolumuza davam edərik.
“Qarabağ” – “Neftçi” qarşılaşması fevralın 27-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin