Hazard: “İndi hamımız “Lill”i izləyirik”
“Real”ın futbolçusu Eden Hazard keçmiş komandası “Lill”in Fransada çempionluq şansları haqda danışıb.
Komanda.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi, sabiq komandasının oyunlarını izlədiyini deyib:
“Uşaqlarımla birlikdə “Lill”in oyunlarını izləyirik. Mən “Lill”də çıxış edəndə böyük övladım var idi, digərləri sonradan oldu və mənim bu komandadakı çıxışımı görməyiblər. İndi hamımız “Lill”i izləyirik.
Açığı, bu mövsümkü çempionluq biz qazandığımızdan daha dəyərli olar. 2011-ci ildə rəqibimiz qətərlilərin dəstəklədiyi PSJ deyildi. Fransada çempion olmaq indi daha çətindir.
Biz çempion olanda 50 illik həsrətə son qoymuşduq. Azarkeşlər hər cür sevincə layiq idi. Məncə, 10 il sonra yenidən çempion olmaq hər kəsə yaxşı təsir edəcək”.
Hazard 2008-2012-ci illər aralığında “Lill”də çıxış edib. Belçikalı futbolçu bu komanda ilə 2010/11 mövsümündə Fransa Liqa 1-də çempionluq yaşayıb.
Hazard daha sonra 2012-ci ildə 35 milyon avro qarşılığında İngiltərə “Çelsi”sinə keçib. “Zadəganlar”ın heyətində 7 il çıxış edən yarımmüdafiəçi, 2019-cu ildə 115 milyon avro qarşılığında “Real”a transfer olunub.
“Lill” hazırda Liqa 1-də sona bir tur qalmış ən yaxın izləyicisi PSJ-ni bir xal qabaqlayaraq, liderdir.
Bizi Facebook-da izləyin