“Real yanaşsaq, işimiz çətin olacaq” – Müsahibə
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.
Komanda.az xəbər verir ki, hazırlıq prosesi ilə bağlı baş məşqçi Ağatahir Əzimov federasiyanın rəsmi saytına müsahibə verib:
- Komandada vəziyyət necədir?
- Milli martın 3-dən təlim-məşq toplanışına start verib. Gündə bir dəfə olmaqla məşq edirik. Hazırlıq keçməyimiz üçün hər cür şərait yaradılıb. Məşqlərimizi FHN-in Hövsan qəsəbəsindəki “Xilasedici” idman-sağlamlıq mərkəzində keçirik. Parket bir qədər sürüşkəndir. Görünür, hələ aşınma getməyib. Əsas milli komanda hazırlıq keçən zaman da belə idi. Olsun, şikayət etmirik. Bilmək olmaz, bəlkə oyunların keçiriləcəyi arenada da örtük bu cür olacaq. Plana uyğun olaraq hazırlaşırıq.
- Taktiki, yoxsa fiziki çalışmalara üstünlük verirsiz?
- Fiziki hazırlıq keçmək üçün gecdir. Əslində, bunu fevralda etməyi düşünürdük. Onda həm də Yüksək Liqada fasilə yaranmışdı. Sadəcə, əksər oyunçular xəstələndiyinə görə, həmin toplanışı ləğv etmək məcburiyyətində qaldıq. İndi isə sırf taktiki çalışmalara üstünlük veririk. Fiziki hazırlıq keçmək üçün vaxtımız yoxdur. Yüksək Liqanın oyunlarında iştirak etməyimiz də yaxşı haldır. Martın 11-də güclü rəqiblə oynayacağıq. EKOL-la görüşdə keçdiyimiz məşqlərin nəticəsini yoxlayacağıq ki, hansı element alınır, nədə axsayırıq.
- Zədəsi olan futzalçı varmı?
- Asiman Yusubov təxminən 15 gün əvvəl zədələndi və onun beynəlxalq oyunlarda bizə kömək etməyəcəyi dəqiqdir. Bir-iki futzalçımızda isə yüngül zədələr var, amma onlar qarşıdakı matçlarda meydana çıxa biləcəklər.
- Komandanın yer aldığı qrupun təqvimində dəyişiklik edildi. Bununla bağlı nə düşünürsüz?
- Belarusun yarışda iştirak edə bilməyəcəyi açıqlandı. Onlar hava məkanı bağlı olduğuna görə Xorvatiyaya gələ bilməyəcəklər. Halbuki təqvimə uyğun olaraq ilk matçda onlarla qarşılaşmalı idik.
- Bu amil planlarınıza necə təsir etdi?
- Martın 14-də səfərə çıxmalı idik, amma Belarusun turnirə qatılmayacağı açıqlandıqdan sonra gediş tarixində dəyişiklik edildi. Komanda martın 15-də Bakını tərk edəcək. Martın 17-də və 18-də müvafiq olaraq Xorvatiya və Latviya ilə qarşılaşacağıq. Ayın 19-da isə Bakıya dönəcəyik. Bu yaş qrupu nə qədər çox oyun keçirsə, təcrübə toplamaq baxımından əhəmiyyətlidir. Hadisələr elə cərəyan etdi ki, bir komanda yarışdan kənarda qaldı.
- Bəs rəqibləri necə, analiz etmisiz?
- Hamısının oyunlarını canlı olmasa da, videoyazı şəklində izləmişəm. Güclü rəqiblərdir. Real yanaşsaq, işimiz çətin olacaq. Xorvatiyada uşaq futzal məktəbləri var, bir nəsil gedir, digəri gəlir. Latviya da ciddi hazırlaşır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin