
“Real”ın Rodri planı
“Real” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferini gündəmdə saxlayır.
Komanda.az AS-a istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi 29 yaşlı futbolçunu mərkəz xəttinə təcrübəli və sabitlik gətirə biləcək ideal oyunçu kimi qiymətləndirir.
Rodri ötən mövsüm ciddi diz zədəsi səbəbilə yaşıl meydanlardan kənar qalmışdı. Səkkiz-doqquz aylıq uzaqlaşmadan sonra o, hazırda bərpa prosesini tamamlamaq üzrədir. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Ancaq İngiltərə klubunun Rodri ilə yeni müqavilə üzrə danışıqlara başlamaması “Real”ın diqqətindən yayınmayıb.
Rodri növbəti mövsümdə yüksək formada çıxış edərsə və müqaviləsinin müddətini uzatmaq istəməzsə, “Mançester Siti” 2026-cı ilin yayında onu münasib qiymətə satmağa məcbur qala bilər. “Real” məhz bu ssenaridə transferi reallaşdırmağı planlaşdırır.
Bundan əlavə, Madrid klubu bu yay transfer dövründə də bu keçidə imza ata bilər. Braziliyalı hücumçu Rodriqo komandadan ayrılsa və onun satışından 80-100 milyon avro gəlir əldə olunsa, bu vəsait Rodrinin mümkün transferi üçün istifadə oluna bilər.
Beləliklə, “Real” yaxın aylarda həm Rodrinin fiziki durumu, həm də onun gələcək planlarını yaxından izləyəcək. O, yeni müqaviləyə imza atmasa və ayrılmaq istədiyini bildirsə, “Real” 2026-cı ilin yayında hərəkətə keçməyə hazır olacaq.
Bizi Facebook-da izləyin


