
“Real”ın müdafiə xətti ilə bağlı planı var
“Real”ın müdafiəçiləri David Alaba və Antonio Rüdiger növbəti yay klubdan ayrılanlar siyahısında ola bilər.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Əvvəllər yayılan xəbərlərə görə, Madrid təmsilçisi Alaba ilə müqaviləni vaxtından əvvəl pozmağa çalışsa da, avstriyalı müdafiəçi üçün heç bir rəsmi təklif daxil olmayıb. Bu səbəbdən, 32 yaşlı futbolçunun mövcud müqaviləsinin müddətinin sonuna – 2026-cı ilin yayına qədər “Real”da qalması gözlənilir.
Digər tərəfdən, Rüdigerlə yeni müqavilə imzalanması da hazırda real görünmür. Klub rəhbərliyi onun yerini gənc istedadlar – Din Heysen və Raul Asensio ilə doldurmağı planlaşdırır. Həmçinin, uzun müddətdir zədəli olan Eder Militaonun tam bərpa olunacağına da ümid var.
Almaniyalı futbolçunun peşəkarlığı yüksək qiymətləndirilsə də, gələcəyi barədə qərar mövsümün sonunda, onun fiziki durumu nəzərə alınaraq veriləcək. Rüdiger bu ilin aprelində diz oynağından əməliyyat keçirib və uzun müddət bu problemdən əziyyət çəkib.
“Real” həmçinin, “Liverpul”un müdafiəçisi İbrahima Konatenin azad agent kimi alınmasına ümid edir. Klubun “radar”ında “Arsenal”ın müdafiəçisi Vilyam Saliba da var.
Bizi Facebook-da izləyin