
“Real” yetirməsini geri qaytarmağa çalışacaq
“Real” yay transfer dönəmində müdafiə xəttini gücləndirməyi planlaşdırır, ancaq yeni oyunçulara artıq məbləğ ödəmək niyyətində deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” daha əvvəl də adı hallanan iki sol cinah müdafiəçisi – “Bornmut”dan Miloş Kerkez və “Benfika”dan Alvaro Fernandesin transferində maraqlıdır.
Amma hər iki futbolçunun qiyməti madridliləri qane etmir. 21 yaşlı macar oyunçu üçün 55 milyon avrodan çox tələb olunur, 22 yaşlı ispaniyalı müdafiəçi üçün isə 50 milyon avro istənilir. Buna görə də, “Real” daha real və sərfəli alternativə üstünlük verə bilər. Klub “Jirona”dan 23 yaşlı Migel Qutyerresin transferinə çalışacaq. Qutyerres “Real”ın akademiyasının yetirməsidir və onun qiyməti cəmi 8 milyon avrodur. Bu məbləğ onun “Jirona”ya satıldığı zaman “Real”ın müqaviləyə gerialma hüququnu daxil etməsi ilə bağlıdır.
Bizi Facebook-da izləyin


