Milyonların sevimlisi… və ya “Real”ın milyonlarını batıran adam – Yazı+Fotolar
Futbol tarixində ulduzu parlayan, İspaniyanın “Real” klubuna keçəndə isə uğursuzluq yaşayan futbolçuların sayı az deyil.
Bunların arasında Maykl Essyen, Kaka, Aryen Robben, Royston Drente kimi futbolçular var. Daha çox keçmişə nəzər salsaq, bu cür futbolçuların sayını artırmaq mümkündür. “Real”dakı karyerası uğursuz alınan futbolçuların siyahısına son olaraq Belçika yığmasının da üzvü olan Eden Hazardı əlavə edə bilərik.
Artıq 30 yaşını adlamış yarımmüdafiəçi İngiltərənin “Çelsi” klubunda sərgilədiyi futbolla “kral klubu”nun “radar”ına düşməyi bacarmışdı. “Zadəganlar”ın heyətində keçirdiyi 352 oyuna 110 qol vuran və 92 məhsuldar ötürmə edən Hazard, “Çelsi” ilə iki dəfə İngiltərə Premyer Liqasını, İngiltərə Federasiya kubokunu, İngiltərə Liqa kubokunu qazanmışdı və iki dəfə də UEFA Avropa Liqasının qalibi olmuşdu.
Hazard “Çelsi”də çıxış etdiyi zaman bir neçə dəfə fərdi mükafatlar da qazanıb. Belə ki, o, 92 dəfə “Man of Match” (oyunun ən yaxşısı) mükafatının sahibi olub. Hazard İngiltərə Peşəkar Futbolçular Assosiasiyası tərəfindən iki dəfə ilin futbolçusu, “Çelsi” azarkeşlərinin səsverməsində isə dörd dəfə ilin ən yaxşı futbolçusu adını qazanıb. Sərgilədiyi oyunla transfer dönəmlərinin haqqında ən çox danışılan futbolçusuna çevrilən Hazard, nəhayət, 2019-cu ilin yayında bonuslarla birlikdə 115 milyon avro məbləğə “Real”a transfer olundu.
İki ilə yaxındır ki, “Real”ın şərəfini qoruyan Hazard bu komanda ilə cəmi 35 oyuna çıxıb və 4 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Belçikalı yarımmüdafiəçinin az oyun keçirməsinin səbəbi isə zədələrdir. Zədələrdən yaxa qurtara bilməyən Edenin artıq mövsümün sonunda “kral klubu”ndan ayrılacağı da gözlənilir.
“Real”a keçidi zamanı “transfermarkt”da dəyəri 150 milyon avro olan futbolçunun indiki qiyməti 50 milyon avrodur. Dəyəri 100 milyon avro düşən Hazard, ötən il Fransa mətbuatına verdiyi açıqlamada, “Real”dakı ilk mövsümünü karyerasının ən pis dönəmi adlandırmışdı. Belçikalı yarımmüdafiəçi “Real”da 6 dəfə zədələnib və nə az, nə çox, düz 50-dən çox oyunu bu səbəbdən buraxmalı olub. Hazard bir neçə gün əvvəl verdiyi açıqlamada, zədələrin mənfi təsiri olduğu kimi, müsbət tərəflərindən də bəhs etmişdi:
“Şanslıyam, çünki tək qalmıram. Ailəm hər zaman yanımdadır və bu vəziyyətdən çıxmağa kömək etməyə çalışırlar. Dünyanın sonu deyil, ancaq tək qalsaydım, mənə çətin olardı. Zədə zamanı edə biləcəyiniz çox şey var. Tez sağalmaq üçün məşq edə bilərsiz, amma mənim zədəmin sağalması bir az vaxt alır. Gözləməli, çox çalışmalı və getdikcə irəliləməlisən”.
Eden Hazard hazırda zədəlidir. Futbolçunun ən tez mart ayında yaşıl meydanlara qayıdacağı gözlənilir. Belçikalı futbolçu bu mövsüm “Real”la 13 oyunda iştirak edib və 3 qol vurub.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin