“Razborka”: “Kəpəz”, yoxsa “Gəncə”?
Karantin gündəliyi
Hazırda AFFA Məşqçilər Komitəsinin üzvü olan Şahin Diniyevin “Kəpəz”də birinci məşqçilik dövrü idi. Komandanın borc məsələsinə görə adının “Kəpəz”dən “Gəncə”yə dəyişdirilməsi gündəmdə idi. O vaxt çalışdığım “Futbol+” qəzetində klubun adının dəyişdirilməsini kəskin şəkildə tənqid edir, tarixi olan bir klubun “Kəpəz” adından imtinasının yanlış olduğunu yazırdım. Elə oldu ki, həmin günlərdə təhsil aldığım Gəncə Dövlət Universitetinə getməli oldum. Qəzetin rəhbərliyindən tapşırıq gəldi ki, elə “Kəpəz” – “Xəzər Lənkəran” oyununu da mən işıqlandırım.
Oyundan bir gün əvvəl Gəncə şəhər stadionuna baş çəkmək istədim. Xeyli gəncəli azarkeş yığışıb komandalarının məşqini izləyirdi. Məni dərhal fərq etdilər: “Bakıdan gəlmisən?”, “Hansı qəzetdən?”
Hansı qəzetdən olduğumu deyən kimi “Rəşad Ergün sənsən” sualı ilə üz-üzə qaldım. Dərhal məsələnin nə olduğunu anlamışdım. Ad dəyişmək söhbətinə görə “Kəpəz”i tənqid etməyimin “razborka”sını etmək istəyirdilər. “Hə, mənəm” deməyimlə iyirmiyə yaxın azarkeşin arasına düşdüm. Gəncəli keçmiş referi Məhəmməd Məmmədov klubun bazasının həyətindəki gərginliyi hiss etmişdi, yaxınlaşıb yerli azarkeşlərə təpindi. Gülümsədim: “Narahat olmayın, Məhəmməd müəllim, heç nə yoxdur”. Təxminən bir saat yerli azarkeşlərlə “Kəpəz”, yoxsa “Gəncə”?” mövzusunda mübahisə etdik. Başa salmağa çalışdım ki, özünə hörmət edən heç bir köklü klub adını dəyişmək istəməz. “Real”dan, “Barselona”dan misallar çəkdim, birtəhər bir hissəsinin razılaşmasına nail oldum. Amma hər halda, sonda “Ağəli, bundan sonra bizim klubdan yazanda diqqətli ol” hədəsi edənlər də oldu.
Oyunu isə “Xəzər Lənkəran” qazandı. Bu, həmin oyun idi ki, gəncəlilər baş hakim Anar Salmanovun idarəçiliyindən narazı qalmış, Şahin Diniyevin matç bitincə göz yaşlarını silə-silə qazonun kənarı ilə getdiyini stadiondakı hər kəs görmüşdü. Oyundan sonra baş məşqçilərin fikirlərini yazıya çevirib, qəzetin redaksiyasına göndərəndən sonra bir xəbər də yazmışdım: Gəncəli azarkeşlər hakimlərin olduğu otağın qapısının yanında dayanıb, Anar Salmanovu söyürlər, onu Gəncədən buraxmayacaqlarını deyirlər…
Rəşad Ergün
Bizi Facebook-da izləyin