Ramin Musayev: “Neftçi”nin prezidenti olmaq arzum yoxdur” – MÜSAHİBƏ
Peşəkar Futbol Liqasının sabiq prezidenti Ramin Musayev Azərbaycan futbolunun birmənalı şəkildə ən koloritli simasıdır. Açıqlamaları, müsahibələri hər zaman gündəm olub. O, həm də ömrünün son 19 ilini Rövnəq Abdullayevə idman sahəsindən gələn tənqidlərə özünü sipər etmiş adamdır. Ramin Musayevin PFL-dən ani gedişi “Rövnəq Abdullayevin AFFA-dakı taxtı laxlama mərhələsindən aşma mərhələsinə keçdimi” suallarını da özü ilə gətirdi.
Komanda.az xəbər verir ki, “Korner.az” saytının baş redaktoru Saleh Arslan həm bu, həm də bir çox mətləbləri aydınlaşdırmaq üçün onunla iki saata yaxın söhbət edib. Bəzən deyişməli, bəzi hissəsi qarşılıqlı ittihamlarla keçən bu geniş müsahibəni sizə hissə-hissə təqdim edəcəyik.
“Bizim tapdığımız sponsorlara “yox” deyirdilər”
– Ramin müəllim, ilk sualımın nə olacağını yəqin ki, təxmin edirsiniz.
– (gülümsəyir) Narahat olma, suallarını ver.
– PFL prezidenti postundan gedişinizin səbəbini açıqlamağınızı istəyirəm. Amma əsl səbəbini.
– Necə eşitmisiniz, elə də var.
– Səhhətinizlə bağlı idi?
– Həm səhhətim, həm də yorğunluğum…
– Siz iyul ayının 27-də “Qarabağ”la İsveçrədə səfərdə idiniz, iki sonra isə istefa xəbəriniz çıxdı. Sizə də müəmmalı görünməz hadisələrin belə qəfil cərəyan etməsi?
– Xeyr. Mən heç o vaxt Türkiyəyə də əməliyyata yox, gəzmək üçün getmişdim. Gəzməyə getmişdim, dedim müayinədən də keçim. Həkimlər müayinə etdilər və dedilər ki, sənin həyatda olmağın sadəcə möcüzədir, dərhal açıq ürək əməliyyatı olunmalısan. Ondan sonra əməliyyat olundum… Bizim görüşümüz sırf istefamla bağlıdırsa, onda…
– Belə deyək, həm də istefanızla bağlıdır.
– Həm də onunla bağlıdırsa, onda keç növbəti suallara.
– Yox, yox, gəlin əvvəlcə istefa məsələsini dəqiqləşdirib nöqtəsini qoyaq.
– Nöqtə qoyaq deyəndə ki, həqiqətən, çox yorulmuşdum.
– Səhhətiniz, yoxsa yorğunluq? Bunu dəqiqləşdirək.
– Hər ikisi. İnsan bu dünyaya bir dəfə gəlir. Həyatda heç vaxt heç kimin qarşısında qızarmaq istəməmişəm. Həyatımın bütün mərhələlərində – orta məktəbdən başlamış əsgərliyə, institut illərinə qədər, işlədiyim müddətdə – lider olmuşam. Həyatım boyu hər sahədə ən yaxşı olmağa çalışmışam. Son vaxtlar çox söz-söhbət vardı ki, Premyer Liqaya sponsor yoxdur… Keçən il sponsor tapdıq, razılıq verilmədi. Dedilər, sponsor gələcək, gəlmədi. Bu il də tapdıq, dedilər, olmaz. Çempionatın başlamasına az qalmışdı, hələ də sponsor yox idi. Bu da o deməkdir ki, yenə gözləməlisən, kimlərdənsə xahiş etməlisən ki, ayın axırı pul vurun, işçi heyəti maaş alsın. Bunlar isə sıxıcı şeylərdir. Mənim işçilərim də təsdiq edə bilərlər ki, heç vaxt özümü düşünməmişəm, onları düşünmüşəm.
– Sizin tapdığınız sponsorlara kim “yox” deyirdi?
– Kim “yox” deyə bilər, səncə? Müraciət edirdik, deyirdilər ki, sponsor dövlət tərəfindən veriləcək, qanuni şəkildə olacaq. “Misli”ni keçən ildən deyirdilər, axır ki, bu il çempionatın başlanmasına az qalmış gəldi çıxdı.
– Maraqlıdır ki, Premyer Liqaya sponsor axtarışı ilə bağlı elan iyulun 26-da verilmişdi, ayın 29-da siz istefa verdiniz, avqustun 1-də isə yeni sponsorla müqavilə imzalandı.
– Allah xeyir versin.
– Sizin getməyinizi gözləyirdilər?
– Yəqin ki, belə çıxır. Belə şeylərin “başını burax”, önəmli deyil.
– Belə bir ifadə işlətdiniz ki, “üzümün heç kimin yanında qızarmağını istəmədim”…
– İndiyədək heç kimin qarşısında qızarmamışam, bundan sonra da olmayacaq.
– Maaş məsələsinə toxunmağınızdan hiss etdim ki, işçilərinizin qarşısında üzünüzün qızarmasını istəməmisiniz?
– Hər ayın sonu onların qarşısında pərt olurdum. Çünki maaşlar gecikəndə pis olurdum. Bizim işçilər elə də çox maaş almırdılar. Demək olar, 70 faizi fəhlə qrupudur, hamısı maaşa baxan adamlardır. AFFA-da hamı hər ayın 1-2-də alırdı, mənim işçilərim 6-7-də. Maaşlarının gecikməsi mənə xoş təsir bağışlamırdı.
– Sizi həmişə Rövnəq Abdullayevin kadrı kimi qəbul etmişik. İstefanızı onunla müzakirə etdiniz?
– Əlbəttə! Mən bu gün də hansısa işə getsəm, onunla mütləq məsləhətləşəcəm.
– Onun məsləhəti nə oldu?
– Etiraz etmədi. Əksinə, dedi ki, indiyədək etdiklərinə görə çox sağ ol. Mənim bir sualım oldu ki, əziz qardaş, 5 il “Neftçi”də, 14 il PFL-də – 19 il az deyil – bir yerdə işləmişik, məndən bir narazılığın olmayıb ki? Deyib, xeyr, heç bir narazılığım yoxdur, Allah səndən razı olsun. O söz mənə hər şeydən dəyərlidir. Məni bu sahəyə o insan dəvət etmişdi, onun xeyir-duası ilə də işdən azad olundum.
– Yerinizə gələn Elxan Səmədovu tayırdınız?
– İki dəfə görüşmüşdüm.
– Nə vaxt?
– Birinci görüşümüz çoxdan, ikinci görüşümüz isə mənim istefamdan 10-15 gün əvvəl olub. Görüşümüz çempionatla bağlı idi. Həmin şəxs bizə VAR sisteminə rəhbər kimi təqdim olunmuşdu. Bölgələrdə keçiriləcək oyunlarda VAR sisteminin necə tətbiq olunacağını müzakirə etmişdik.
“Hər ikisinin ərizəsini cırıb atdım”
– Təsəvvür edin ki, qayıdırsınız 2008-ci ildən əvvələ. Yəni “Neftçi”nin vitse-prezidenti olduğunuz dövrə. Futbolda heç bir idarəçilik səriştəsi, təcrübəsi olmayan adamın PFL-ə rəhbər təyin olunması, vitse-prezident Ramin Musayevə necə təsir edərdi?
– Mən eşitmişəm ki, uşaq futboluna rəhbərlik edib. Mən də futbola gələndə futbolda idarəçiliyim olmamışdı.
– Amma siz PFL prezidentliyinə “Neftçi”də 5 il vitse-prezident işlədikdən sonra gəlmişdiniz.
– Əvvəla, o yoldaşı, o vəzifəyə mən təyin etməmişəm. İkincisi, onun yanında bizim elə peşəkar kadrlarımız işləyəcək ki, ona çətin olmayacaq. Axırıncı görüşümüzdə də ona uğurlar arzuladım. Bildirdim ki, çalış, bizim işçilərdən istifadə et. Onların əməyi və zəhməti çoxdur, artıq peşəkardırlar. O da gözəl istifadə etməkdədir, Aslan müəllimi vitse-prezident təyin etdi. Yaxud da Elgiz Abbasovu götürək. PFL-i tam sərbəst idarə edə bilər. Mən onu elə-belə idarə rəhbəri qoymamışdım ki.
– Bax niyə, məsələn, Aslan Şahgəldiyev kimi peşəkar kadr varkən, futbol təsərrüfatında niyə heç bir səriştəsi olmayan şəxs PFL-ə rəhbər təyin olunur?
– Bu suallar mənlik deyil və heç maraqlı da deyil.
– Elxan Məmmədov da baş katib təyin olunanda heç kimi işdən çıxartmadı, çünki o da futbolda naşı idi. Əksinə, iş bacarığı, təcrübəsi olanlardan faydalandı və öyrəndikdən sonra yavaş-yavaş “təmizləməyə” başladı.
– Mən bu haqda heç nə deyə bilmərəm. Hər insanın xarakteri fərqlidir. Mən Rövnəq Abdullayevin kadrı olmuşam, o da AFFA-ya president seçiləndə hamı düşünürdü ki, AFFA-nın işçi heyətinin 80-90 faizi işdən çıxarılacaq. Amma heç 7-8 faiz də olmadı heyət dəyişikliyi. Mən PFL-ə president seçiləndə Zamiq Hüseynovla Məlik Həsənov işdən azad olunmaqla bağlı ərizələri ilə gəlmişdilər yanıma. Çünki mən “Neftçi”də işləyəndə hər ikisi ilə aramızda çox mübahisələr olmuşdu. Hər ikisinin ərizəsini cırıb atdım, dedim ki, səhlənkarlığınızı, haqsızlığınızı işə soyuq münasibətinizi görməyincə bir yerdə işləyəcəyik. Mən işdən çıxanda Zamiq görüşməyə gəlmişdi, çox pis olmuşdu. Məlik Həsənov sağollaşmağa gələndə gözləri dolmuşdu. İndi bu gün durub desək ki, Elxan Səmədov hamını işdən çıxaracaq – fərziyyə olar.
– İndiyə kimi Rövnəq Abdullayev tənqid olunanda, Ramin Musayev özünü verirdi qabağa və mediadan gələn bütün “oxları” öz üzərinə çəkirdi. İndi kim edəcək bunu?
– Mənə elə gəlir, bundan sonra tənqid olmayacaq.
– Yəni tezliklə Rövnəq Abdullayev də gedəcək?
– Yox, yəni əvvəllər bütün mətbuat yazırdı ki, Ramin elə, Elxan belə. İndi isə Ramin də gedib, Elxan da…
– Elxan Məmmədov gedib ki?
– Mən onu xaricdə gördüm.
– Nəimi demişkən, gedən cismidir, ruhu burda deyilmi?
– Hiss eləmirəm. Səmimi deyirəm. Deyirlər, söz-söhbətlər gəzir, amma boş şeylərdir.
“Neftçi”nin prezidenti olmaq arzum yoxdur“
– Sizin yerinizə keçən Elxan Səmədov, Elxan Məmmədovun yerinə təyin olunan Sərxan Hacıyev… Yəni, doğrudanmı bu insanlar Azərbaycan futbolunu idarə edə biləcək səriştəyə, “kapasite”yə malikdilər?
– İdarə olunacaq nəsə qalmayıb axı.
– Dağıtmısız?
– Yox, əksinə, relsə salmışıq.
– Nəyi relsə salmısınız? Ölkə futbolu nə gündədir? Milli komandaların nə gündə olduğunu bilmirsiniz?
– Xahiş edirəm, mənə aid suallar ver.
– Axı sualımı verdim, Rövnəq Abdullayev heç bir şeyə görə olmasa da, çempionatın, milli komandaların bərbad səviyyəsinə görə yenə tənqid olunacaq. Əvvəllər Rövnəq Abdullayev yığma ilə bağlı tənqid olunanda sizə aidiyyəti olmasa da, sinənizi qabağa verirdiniz. İndi kim verəcək özünü topun ağzına?
– Elxan Səmədov.
– Elxan Səmədovmu?
– Çempionatdan söhbət gedirsə, o cavab verməlidir də, kim cavab verməlidir ki?
– Amma adam Rövnəq Abdullayevin kadrı deyil. Elə isə Abdullayevə yönələn tənqidə görə niyə özünü qabağa verib ağrımayan başına dəsmal bağlasın?
– Bəs kimin kadrıdır?
– Rövnəq Abullayevin kadrı olmadığına yüz faiz əminəm.
– Hər halda, Rövnəq müəllimin xeyir-duası olmasa, gətirilməzdi.
– Bəlkə heç bu dəfə onun xeyir-duasını istəməyiblər? Çünki SOCAR-ın prezidenti vəzifəsindən çıxarılandan sonra Rövnəq Abdullayevin AFFA-da da çox qalmayacağını deyirlər.
– Tələsirsiniz.
– Sizin istefanızdan sonra, kimisi dedi ki, bu göndərilmədi, kimisi dedi ki, Ramin Musayev “Neftçi”yə prezident gətirilir…
– Elə bir şey yoxdur.
– Olsa?
– Həyatda hər şey ola bilər. Səmimi deyirəm, elə bir şey yoxdur, elə bir arzum da yoxdur.
“Bu 10-15 gündə o qədər soyuqluq gördüm ki…“
– Yəni futbolla bağlı karyeranız sizin üçün artıq bitib?
– İnanırsınız ki, bu 10-15 gündə o qədər soyuqluq gördüm ki… İndiyə qədər çox sahələrdə çalışmışam, amma futbol kimi qəliz sahə görməmişdim. İndi kimsə deyə bilər ki, Azərbaycan futbolunun canı Ramin Musayevdən qurtardı. Amma görülən işləri unutmamaq lazımdır. Bu gün məndən xoşun gəlməyə bilər, haqqımda istədiyini yaza, deyə bilərsən. Amma zaman gələcək, yəqin ki, bir nəfər çıxacaq və hansı şəraitdə hansı işləri gördüyümüzü yazacaq. Onda bilinəcək ki, kim işləyib, kim yox? Mən gələnə qədər əvəzedici heyət var idimi? Əvəzedici heyət gənc futbolçuya özünü göstərməyə şans verirdi. “İnter” iki mövsüm transfer qadağasına görə futbolçu ala bilmədi. Öz yetirmələrinin gücü hesabına UEFA-ya vəsiqə qazandı, qazanmadı?
– Amma keyfiyyət var idimi əvəzedici komandalarda?
– Keyfiyyət son illərdə dəyişdi. Çünki əvəzediciləri də Birinci diviziona qatdılar. O da böyük səhv idi. Bəzi insanların, bəzi rəhbərlərin fikri nəzərə alınaraq verildi o qərar. Amma elə olmamalı idi. Çünki əvəzedici komanda şans verirdi ki, klubun öz yetirmələri əsas komandaya keçsin. Deyirsən ki, milli komanda uduzanda camaat, mətbuat yenə Rövnəq Abdullayevin üstünə gedəcək. Əgər bu gün klublar yerli gənclərə şans vermirlərsə, Rövnəq müəllim nə etməlidir? Dəfələrlə demişəm, klublarımız aşağı yaş qrupu üzrə komandalarına diqqət göstərmirlər, dəyər vermirlər. Bu gün yığma komandalarda oynayan futbolçular hansı klubların yetirmələridirlər?
– Mən bildiyimə görə, aşağı yaş qrupu üzrə milli komandalarda əsasən “Qəbələ”nin, əsas yığmada isə “Qarabağ”ın futbolçuları çoxluq təşkil edir.
– Son iki ildə belədir də. Beş il “Neftçi”də işlədim. O dövrdə milli komandalara ən çox futbolçunu biz vermirdik? “Bakı”nın, “İnter”in, “Qarabağ”ın, “Qəbələ”nin çox yaxşı futbolçuları olub. Başqa hansısa klubun adını çəkə bilərsən?
– Amma həmin “Bakı” dağıldı, “Neftçi”də idarəçilik bərbad, “Qəbələ” də həyəcan siqnalı verir ki, akademiyanı bağlayıb, adi futbol məktəbinə çevirəcəyik.
– “Bakı” illər əvvəl dağılsa da, yetirmələri hələ də futbolumuzun ən yaxşılarındandırlar. Vaxt vardı, deyirdilər ki, “ukraynalıları doldurublar “İnter”ə, onlar da heç nə etmirlər”. “İnter” az futbolçu verdi Azərbaycan futboluna? Mətbuatda yazırlar ki, Ramin Musayev getdi, Azərbaycan futbolunun canı qurtardı. Bir nəfər demir ki, Ramin Musayev “Neftçi”də Azərbaycan üçün futbolçular yetişdirirdi. Ramin Musayev 20 Yanvar günü erməniləri udub Azərbaycan xalqına sevinc bəxş edən klubun rəhbərlərindən idi. Bunları tez unuduruq.
– Unutmayan unutmur. Amma aşağı yaş qruplarındakı vəziyyət son dərəcə bərbaddır.
– Olacaq da. Çünki klublara göstəriş verilir ki, Avropaya vəsiqə qazanmalısınız. Nəyə lazımdır o vəsiqə ki, sənin yetirmən yoxdur? Nəyə lazımdır o vəsiqə ki, sən Avropada bir mərhələ keçə bilməyəcəksən? O vaxt vəsiqə qazanılmalıdır ki, klub tam şəkildə hazır olsun. Mən “Neftçi”də çalışanda uşaq komandalarımızın məşqçilərinə demirdim ki, get, yer tut. Deyirdim ki, uşaq yetişdir. “Neftçi”də mənin dövrümdə əsas komandaya “aşağıdan” gətirdiyimiz futbolçuları bilirsiniz.
“Gecə saat 1-də zəng etmişdilər ki, sən kimsən bunların adlarını çəkirsən?“
– Premyer Liqa komandası var ki, fevralda legioner futbolçunu gətirir, 2 illik müqavilə imzalayır, yaya qədər vur-tut 3-4 oyunda meydana buraxır və mövsüm bitən kimi “qarşılıqlı razılıq” əsasında göndərir. Mən sizə konkret klub adı da çəkə bilərəm.
– Yox, ad çəkmə, onda mən pis vəziyyətdə qalacam.
– Yaxşı, ümumi danışaq. “X” adlı klub dediyimi niyə edir? “Səbail” neçə ildir yaradılıb? Doğrudanmı yaradıldığı ildən onun məqsədi çempionluq və ya avrokuboklara vəsiqə qazanmaq olub? Əlbəttə, bunu özləri də desələr, kənara keçib öz dediklərinə özləri gülərlər. Əgər məqsədin çempionluq deyilsə, bu qədər legioneri niyə gətirirsən? Onsuz da bilirsən ki, mövsümün sonunda heç bir klub Birinci diviziona göndərilməyəcək, hamınız növbəti mövsümdə də Premyer Liqada olacaqsınız. Elə isə bu qədər legionerə xərclədiyi pulu özünün infrastrukturuna, uşaq futboluna xərcləsə, pis olar? Niyə bu dövlətin pullarını külə sovururlar?
– Mən də elə bu dediklərini dediyim üçün pis adam olmuşam həmişə. Legioner limiti dəyişdirilib 7+4 ediləndə mən etiraz etmişdim. Çünki yerli futbolçulara oynamağa yer qalmır. Belə olan halda biz milli komandalardan nə tələb edə bilərik?
– Yerli futbolçu əziyyət çəksin, legionerdən üstün olduğunu göstərsin.
– Klub legioneri gətirir, baş məşqçi onu meydana buraxmayanda rəhbərlik soruşur ki, oynatmayacaqdınsa, bu əcnəbini niyə gətirmişik?
– Çünki legionerin müqaviləsindən götürdüyü “otkat” yerli futbolçudan götürdüyündən 3-4 dəfə çox olur.
– Onun araşdırılması sizlikdir artıq. Beş əvəzetmənin də əleyhinə olmuşam. Yanvardan tətbiq olunmağa başladı bizdə. Əvvəla, reqlamentə uyğun deyildi. Çünki mövsümə hansı qaydalarla başlamısansa, o qaydalarla da bitirməlisən. Çox çalışdılar ki reqlamenti mövsümün ortasında dəyişsinlər. Bu gün də narazıyam 5 oyunçunun əvəz olunmasına. Çünki oyunçu əvəz edə bilmək üçün komandanın imkanı olmalıdır, heyəti geniş tutmalıdır. Razıyam, 5 oyunçunun əvəz olunması daha çox futbolçunun meydana çıxa bilməsi baxımından yaxşıdır. Amma 10 dəqiqə meydanda olan futbolçu necə artıra bilər? Bir dəfə demişdim ki, hər bölgənin öz klubu olmalıdır. Nəzarət də rayon icra başçılarına tapşırılsın. Hər Rayon İcra Hakimiyyətində İdman şöbəsi var da. Nə işlə məşğul olur onlar. İndi deyəcəm, yenə deyəcəklər ki, Ramin, gəl bura görək. Gecə saat 1-də zəng etmişdilər ki, sən kimsən bunların adlarını çəkirsən? Demişdim ki, heç nə lazım deyil, hər rayonda parkinqlərdən, avtovağzallardan yığılan pulları verin mənə, həm dövlətin vergisini verim, həm də komandanı saxlayım. Mən özümdən Amerika kəşf etmirdim ki, Türkiyədə gördüyüm sistemi tətbiq istəmişdim.
– Bunu Türkiyədə bələdiyyələr edir.
– Bəli. Bizdə etmək olmaz? Qardaş, necə qəbul edir-etsin, şəhər uşaqlarından çox nadir hallarda yaxşı futbolçu olur. Kənd uşaqları fiziki cəhətdən daha güclü olurlar, bütün günü ora-bura qaçırlar. Bölgələrdə futbol yoxdursa, millidən nə gözləyirsən? Millinin hər oyununa qorxa-qorxa baxırıq ki, birdən hansısa oyunçumuz zədələnər, əvəz etməyə futbolçu tapa bilmərik.
(ardı var)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin