Ramin Musayev Azərbaycan klublarını “lox” adlandırdı – “Lex”dən üzr istədi
“Aris” – “Neftçi” qarşılaşması başa çatan kimi Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev zəng etdi. Əvvəlcə vaxtsız zəngə görə üzr istədi və qeyd etdi ki, həddindən artıq əsəbi, həyəcanlı olduğu üçün danışmaq istəyir. Dedi ki, danışmasam, səhərə qədər yata bilmərəm:
“Bilirəm, vaxtsız zəng etmişəm, gərək üzrlü sayasız. Ancaq əminəm ki, dediklərimi Komanda.az-dan savayı heç kim verə bilməz. Ona görə də, sizi yığdım. İçimiz özümüzü yandırır, çölümüz də özgəni. Sözün düzü, komandalarımızdan belə nəticə gözləmirdim. Ən azı birinin qalib gələcəyini, birinin isə heç-heçə edəcəyini düşünürdüm. Yanılmışam. Əvvəlcə “Lex”dən üzr istəyirəm, “Qarabağ”la oyundan sonra dediyim ifadəyə görə. Onlar “lox” deyilmiş, əsl “lox” bizim komandalardır. “Lex” “Qarabağ”a məğlub oldu, bunlar kimin qarşısında bizi biabır etdilər?
Adam deməyə də utanır, “Neftçi” ilk dəfə avrokuboklarda iştirak edən komandaya müqavimət göstərə bilmədi.
Mənə maraqlıdır ey, bu “Zirə” çempionatda belə ciddi-cəhdlə avrokuboklara vəsiqə uğrunda niyə mübarizə aparırdı? Vallah, billah, “Şamaxı” onlardan daha yaxşı oyun göstərərdi. Rəşad Sadıqov dostumdur ey, amma inciməsin, belə komanda, belə oyun sistemi olmur.
Daha nə qədər demək olar, nə qədər yazmaq olar, “Qarabağ”ı götürün, görün Azərbaycan futbolu nə gündədir. Bunlar bu qədər vəsaiti hara, kimə xərcləyirlər?
Bilirsiz, idarəetmə sistemi tamamilə dəyişməlidir. Hər şey idarəetmədən asılıdır. İdarəetmə qeyri-peşəkardırsa, baş məşqçiləri, futbolçuları dəyişməyin heç bir mənası yoxdur.
Əslində Qurban Qurbanov “Neftçi”ni bu səviyyəyə qaldırmalı idi. O, “Qarabağ”dan əvvəl “Neftçi”nin baş məşqçisi olub. “Qarabağ”ın hazırkı oyun sisteminin ilk işartılarını biz “Rid”lə oyunda görmüşdük. Amma “Rid”ə məğlubiyyətdən sonra “Neftçi” rəhbərliyi Qurbanı postundan uzaqlaşdırdı. Bizə Abdulabri Gözəl kimi idarəçilər lazımdır.
Yenə də “Neftçi”dən danışacam. Samir Abasov bu komandada iki mövsüm çalışdı. Birində çempion oldular, birində isə gümüş medal qazandılar. “Qarabağ” kimi komanda ilə rəqabətdə bundan yüksək nəticə gözləmək olmaz. Amma Samiri qovdular. Niyə? Ona görə ki, avrokuboklarda uğurlu çıxış istəyirlər? Axı yaxşı bilirlər ki, Avropada uğurlu çıxış üçün baş məşqçiyə vaxt və səlahiyyət verilməlidir ki, istədiyi komandanı formalaşdırsın. Yoxdur Samir, hanı “Neftçi”? Bunun üçün dəyişmişdilər baş məşqçini?
Bilirəm, sözlərim çoxunun xətrinə dəyəcək. Amma bunları deməliyəm axı. Bu çempionatın rəhbəri mənəm. Mən də yazığam axı. İstəyirəm ki, çempionatımız güclü olsun, komandalarımız heç olmasa Avropanın orta səviyyəli komandalarına bənzəsin.
Bu futbolçular 10-20 min manat arası məvacib alırlar ey. Böyük ədalətsizlikdir. Ölkədə müəllimin nə qədər maaş aldığını bilirlər bunlar? Minimum əməkhaqqından xəbəri var bunların? Təqaüdlərin miqdarından xəbərdardırlar? Laçında, Kəlbəcərdə düşmənlə üz-üzə duran zabitlərin məvaciblərinin nə qədər olduğunu bilirlər?
Daha bəsdir, bezdik. Azərbaycan futbolunda köklü islahatlar olmalıdır. İslahat da idarəetmə sistemindən başlamalıdır. Abırı, vicdanı olanlar özləri könüllü getməlidir. Yox, belələri yoxdursa, onda onları qovmaqdan savayı əlac qalmır.
Danışsam, səhərə qədər vaxtınızı alacam. Bu qədər bəsdir, amma xahiş edirəm, dediklərimi olduğu kimi verin. Hə, fürsətdən istifadə edib mətbuat gününüzü də təbrik edirəm”.
Ramin müəllimə cavabım belə oldu: “Arxayın olun, nə deyibsizsə, eləcə də verəcəyik. Qaldı ki, mətbuat günü təbrikinə, bizim də günümüz it günüdür, belə günün nəyini təbrik edirsiz, Ramin müəllim?”
Bundan sonra Ramin müəllimdən səs çıxmadı.
PFL prezidentinin xəyali açıqlamasını yazdı:
Natiq Muxtarlı
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin