Ramil Şeydayev üçün 90 dəqiqə və əzmkar qələbə
Futbol üzrə Rusiya Premyer Liqasında mövsümü 16 komanda arasında 13-cü pillədə başa vuran “Krılya Sovetov” klubu bu gün elitada qalmaq uğrunda ilk pley-off matçına çıxıb.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Samara klubu səfərdə 1-ci liqanı 4-cü pillədə başa vurmuş “Nijni Novqorod”la üz-üzə gəlib.
Futbolçumuzun komandası bu oyundan inamlı və əzmkar qələbə ilə ayrılıb – 3:1. Hesabı 22-ci dəqiqədə penalti qazanan meydan sahibləri açıblar. Amma 65-ci dəqiqədə Samara təmsilçisi rəqib futbolçunun avtoqolu sayəsində hesaba tarazlıq gətirib. Ramilin komandası son dəqiqələrdə daha 2 qola sevinib. 91 və 94-cü dəqiqələrdə vurulan qollar “Krılya Sovetov”a cavab matçı öncəsi böyük üstünlük qazandırıb.
Ramil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Bu komandalar arasındakı cavab görüşü iyunun 2-də Samara şəhərində baş tutacaq. Qalib gələn növbəti mövsüm Premyer Liqada, məğlub tərəf isə 1-ci liqada mübarizə aparacaq.
Bizi Facebook-da izləyin