Ramil Şeydayev “düyün”ü

Vüqar Məmmədov

Futbolla maraqlanan bir çox adama, o cümlədən bu sətirlərin müəllifinə  elə gəlir ki, Ramil Şeydayev potensialından düzgün yararlanmır, maksimum istifadə etmir və ya edə bilmir. Yeniyetmə vaxtında Rusiya yığmalarında qollarını sıralayan, Avropa çempionu olan bir futbolçunun bu şəkildə çıxışı onun imkanlarının maksimumu ola bilməz. Gəlin səbəbləri araşdıraq və müəyyən bir nəticəyə gəlməyə çalışaq.

Texniki, taktiki, fiziki özəlliyi

Bir futbolçu bir baş məşqçi üçün əhəmiyyət kəsb edirsə və o düşünürsə ki, bu futbolçunun potensialını açmaqla komandanın hansısa problemini həll edəcək (Ramilin nümunəsində qol problemini) onda bütün düşüncəsini, qurmaq istədiyi sistemini, sxemini həmin oyunçunun imkanlarının açılması istiqamətində işlətməlidir. Gəlin buna Ramilin misalında baxaq. Əvvəlcə onun oyunçu özəlliklərini nəzərdən keçirək.

Ramil Şeydayev matç zamanı daim pressinq etdiyindən, deyə bilərik ki, dözümlüdür. Eyni zamanda sürətli və texnikalıdır. “Fint”i sevir, amma bunu hərəkətdə, irəli şığıdıqda edə bilir. Bu baxımdan, ona genişlik və hərəkət lazımdır. Düşünürəm ki, dar zonada, qısa məsafələrdə oynamaq ona çətindir. Məsələn, ləng hücum zamanı arxası qapıya dar çərçivədə topu qəbul edib çevrilmək, daha sonra ardını gətirmək (ötürmə, zərbə, aldatma) onda alınmır. Belə vəziyyətlərdə, bəzən topun qəbulunda və idarə olunmasında problemlərinin olması da nəzərə çarpır. Başqa texniki çatışmazlıqları da var. Məsələn, qarşısına yerdən hündürdə çilənən, yaxud hava ilə gələn topları ram etməkdə çətinlik çəkir. Əlbəttə, əslində bu onun təqsiri deyil. Artıq köhnəlmiş, amma hələ də yenisinə keçməyən sovet dövründən qalma futbol məktəblərinin metodikasında bu problemlər var. Düzü, mən Ramilin oyununu o qədər də çox izləməmişəm. Üstəlik, izlədiklərim də televiziya vasitəsi ilə olub. Bu baxımdan, ola bilər ki, yuxarıda qeyd etdiyim çatışan və çatışmayan özəlliklərini tam çözə bilməyim. Ancaq düşünürəm ki, çözə bildiklərim ona qiymət vermək üçün kifayət edər.

Yuxarıdakı qeydləri nəzərə alaraq iddia bilərik ki, baş məşqçi hücumlarını bu tip hücumçuya görə qurmalıdırsa, zənnimcə, komandası bir qədər arxada mövqe tutmalıdır. Məsələn, öz cərimə meydançasının ön xətti ilə mərkəz xətti arasında. Burda rəqib qarşılanmalı, pressinq edilməli, top ələ keçirildikdən sonra boş zonada ofsayda düşmədən pusquda durub fürsət gözləyən Ramilə ötürülməlidir. Mərkəz xətlə rəqibin qapısı arasında boşluğa şığıyan, burda sürətli hücum təşkil etmək bacarığı Şeydayevin özəlliyidir. Belə vəziyyətdə o, özünü suda balıq kimi hiss edir. Sürəti öz yerində… İrəli qaçanda da qarşısına rəqib çıxsa, yolüstü onları rahatlıqla keçə bilir. “Neftçi”yə də qolu məhz bu cür vurdu. Yığma komandada Lüksemburqa başla və Qətərə penaltidən vurduğu qollar istisna olmaqla, qalan bütün qollarını aşağı-yuxarı bu tip hücumlardan sonra, yəni “rıvok” götürüb, lazım olsa, yolüstü bir və ya bir neçə oyunçunu keçərək vurub.

Bir çox komanda seçdiyi taktikanı əsasən oyunçuların fərdi bacarıqlarına görə qurur. Məsələn, Almaniya millisinin baş məşqçisi Yoahim Löv Məsut Özilə uyğun taktika seçirdi və bütün yığmanı buna uyğun oynadırdı. Onun seçdiyi taktika məhz yuxarıda Ramil üçün göstərdiyimlə eynisidir. Məsut yığmada oynayan vaxtlar Almaniya millisi qollarının müəyyən hissəsini məhz onun sürətlə boşluğa irəliləyib, qapı qarşısına verdiyi ötürmələrdən sonra vururdu. Düzdür, Ramil Məsutdan fərqli olaraq, çox vaxt özü qol vurmağa meylli olur, amma oyun tərzləri oxşardır. Burda deyilə bilər ki, Məsut hara, Ramil hara? Özil Almaniya yığmasında oynayıb, Şeydayev Azərbaycan millisində oynayır, o, “Real”, “Arsenal” kimi klublarda çıxış edib, Ramil “Sabah”da. Amma burda söhbət oyunçuların, komandaların səviyyələrinin müqayisəsindən yox, yanaşmanın oxşarlığından gedir.

Ancaq Ramil Məsutdan fərqli olaraq, rəqibin zonasında daim pressinq edir, işləyir. Məncə, bu, həddən artıqdır. Əvvəla, onun etdiyi pressinqin faydası nə qədərdir, bunu dəqiqləşdirmək lazımdır. Çünki öndə pressinq Ramilin oyun tərzinə uyğun taktikaya ziddir. Pressinqi bir qədər arxada etmək lazımdır ki, topu aldıqda rəqib müdafiəsi ilə qapı arasında boşluq olsun. Ən əsası, bu qədər qaçış boş yerə enerji sərfiyyatıdır ki, sonra onun yorulmasına gətirir və qüvvəsini tükədir. Onu da əlavə edək ki, öndə pressinq etmək və pusquda durub fürsət gözləmək ayrı-ayrı şeylərdir. Onların ikisini bir arada tutmaq bilmirəm nə qədər mümkündür və nə qədər düzgündür. Təbii ki, oyunun gedişində öndə pressinq də lazımdır, amma düşünürəm ki, bu, zamanında və qədərində edilməlidir.

Psixoloji faktor

Əlavə edək ki, Ramil əhval-ruhiyyə oyunçusudur. Çox həssasdır. Yəni bir şey alınmayanda tez ruhdan düşür, özünəinam azalır və bu da öz növbəsində zəncirvari şəkildə uğursuzluğa istiqamətləndirir. Əksinə, oyunu alınanda inamı yüksəlir. Belə olduğuna görə, zənnimcə, elə məşqçi lazımdır ki, ona daim inam aşılasın, bir növ daim “qaz versin”. Bu baxımdan, onun ilk məşqçilərindən biri Vyaçeslav Radimovun  “Şeydayev məşqçisini tapmalıdır” fikri düşünürəm ki, aktualdır. Hazırkı baş məşqçisi Ramin Quliyevin ona şans verməsi göstərir ki, bəlkə də, Şeydayev məşqçisini tapıb. Ramilə uyğun məşqçilərdən biri də fikrimcə, Samir Abasovdur. O da güclü motivatordur.

Ramillə bağlı bir nüansa da toxunmaq istəyirəm. Bu nüans mübahisə doğura bilər. Ona görə də, bəri başdan bildirim ki, bu, sadəcə bir ehtimaldır. Yəni bunun məhz mən deyən kimi olduğunu iddia etmirəm. Sadəcə, ən azı nəzərdən keçirmək olar.

Söhbət nədən gedir? Məsələ burasındadır ki, Rusiya kimi güclü yığmada oynamaq ehtimalı ola-ola Azərbaycan millisini seçməsi Şeydayevə mənfi təsir edə bilər. Əlbəttə, o, şüurlu şəkildə deyir ki, yığmamızı seçməsinə peşman deyil, düzgün seçim edib və s. Amma…Psixoanalizin banisi Ziqmund Freyd iddia edib ki, bizim alt şüurumuz var, bu, aysberqin görünməyən tərəfi kimi bir şeydir. Bəzilərinə görə alt şüur insan beyninin 95 faizidir, üst şüur sadəcə 5 faizi. Əslində, alt şüurun nələri diqtə etdiyini biz bilmirik, amma onun istədiyini edirik. Mən bu sahənin mütəxəssisi olmadığımdan, izahım bəsit görünə bilər, lakin Freyd nəzəriyyəsində təxminən aşağı-yuxarı belə fikirlər var.

İndi qayıdaq Şeydayevə. Adam Rusiyanın aşağı yaş qrupları üzrə bütün yığmalarında oynayıb. 17 yaşında Avropa çempionu, 19 yaşında finalçısı olub. O, bu millidə həm də yüksək səviyyədə çıxış edib, bombardir olub. Bu o deməkdir ki, aparıcı üzv, lider, əsas fiqur olub. Uşaqlıqdan daim geyindiyin formanın ola bilməz ki, böyüyərkən də geyinəcəyinin xəyallarını qurmayasan. Günlərin bir günü böyüyürsən, müəyyən səbəblərdən, pulun qarşılığında, yaxud başqa səbəbdən sevgilindən imtina edirsən və başqası ilə izdivaca girirsən. Bu izdivac zamanı olmalı şeylər yüksək səviyyədə baş tutmur. Çünki necə deyərlər, məhəbbət yoxdur. Rusiya yığması kimi ilk məhəbbət yara kimi alt şüurda qalır – xəyal qırıqlığı! Bu yaralar səbəbindən bəzi şeyləri etmək istəmirsən və hər şey mənasını itirir. Çünki sənin uşaqlıqda qurduğun xəyallar, arzular, hədəflər bir anda suya düşüb. Təkrar edirəm, bütün bunlar şüurlu yox, şüuraltı baş verir.

Məsələyə şüurlu baxsaq, Şeydayevi Azərbaycanda çox sevirlər və daim dəstək olurlar. Ramil də sevildiyini görür və dəfələrlə deyib ki, yığmamızı seçdiyinə görə peşman deyil. Səmimi olduğu da görünür. Amma bu, aysberqin görünən tərəfi ola bilər. Görünməyən tərəfi isə  bəlkə də, çox adama, o cümlədən Ramilin özünə də aydın deyil.

Təkrar edirəm, bu son qeydlərim sadəcə bir ehtimaldır. Amma hər halda, nəzərdən keçirməyə dəyər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button