Ramil Şeydayev BƏƏ-yə getdi
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Rusiyanın “Krılya Sovetov” klubu qış hazırlıq planı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Samara təmsilçisinin toplanışı yanvarın 27-dək davam edəcək. “Krılya Sovetov”un baş məşqçisi Miodraq Bojoviç BƏƏ-yə 26 oyunçu aparıb. Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev və yeni transfer Aleksandr Səmədov da toplanışa gedən futbolçular arasında yer alıb.
“Krılya Sovetov” BƏƏ-də 2 yoxlama oyunu keçirəcək. Samara təmsilçisi Slovakiyanın “Jilina” və Latviyanın “Riqa” komandaları ilə qarşılaşacaq. “Jilina” ilə matç yanvarın 22-də, növbəti qarşılaşma isə ayın 26-da baş tutacaq.
Şeydayev 2017-ci ildə icarə əsasında “Jilina”da çıxış edib. O, Slovakiya təmsilçisinin heyətində ölkə çempionluğunu da qazanıb.
Komanda toplanışın ikinci və üçüncü mərhələsini Türkiyədə keçirəcək. “Krılya Sovetov” 31 yanvar – 13 fevral və 17 – 28 fevral aralıqlarında bu ölkədə olacaq.
Bizi Facebook-da izləyin