Rahid Əmirquliyev: “Bu, hamının günahıdır”
“Səbail”in yarımmüdafiəçisi Rahid Əmirquliyev paytaxt təmsilçisinin hazırkı durumu haqda danışıb.
Komanda.az xəbər verir ki, o, “dənizçilər”in uğursuzluq zolağından çıxa bilməməsini qeyri-sabit oyun sərgiləməklə əlaqələndirib:
“Uğursuzluq zolağından çıxa bilməməyimizlə bağlı konkret səbəblər deyə bilmərəm. Ancaq qeyd edə bilərəm ki, biz sabit oyun göstərə bilmirik. Bir oyun yaxşı oynayırıq, bir oyun zəif çıxış edirik. Buna baxmayaraq, yekunda bu vəziyyətdən çıxa biləcəyimizə inanırıq”.
Əmirquliyev “Problem futbolçulardadır, yoxsa baş məşqçidə” sualını belə cavablandırıb:
“Burada təkcə nə baş məşqçini günahlandırmaq olar, nə də futbolçuları. Bu, hamının günahıdır. Həm məşqçilərin, həm də futbolçuların günahıdır ki, biz vəziyyətdən çıxa bilmirik. Tək günahkar axtarmağa dəyməz.
Bu vəziyyətə özümüz düşmüşük. Bayaq da dediyim kimi, biz özümüzə inanırıq. Düşdüyümüz durumdan elə özümüz də çıxa biləcəyik. Çalışırıq. Əlimizdən gələni edəcəyik ki, vəziyyətdən çıxaq”.
Xatırladaq ki, “Səbail” hazırda Azərbaycan Premyer Liqasının turnir cədvəlində 21 xalla sonuncudur.
“Dənizçilər” bu gün ölkə kubokunun yarımfinal mərhələsində “Qəbələ” ilə qarşılaşacaq. Matç saat 18:00-da start götürəcək.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin