Rahid Əmirquliyev haqda bir neçə qeyd
Vüqar Məmmədov
Rahid Əmirquliyevi şəxsən tanımıram, heç o da məni tanımır. Amma dünən sosial şəbəkədə Rahidin ad gününü təbrik edən paylaşımları gördüm və düşündüm ki, Azərbaycan futbolunda xidməti olmuş bu şəxs haqqında fikirlərimi bölüşüm, həm də eşitdiklərimi və gördüklərimi paylaşım.
2004/05-ci il mövsümünü Azərbaycanın ən maraqlı çempionatlarından biri saymaq olar. Bütün komandaların hər birinin fərqli-fərqli sponsorları var idi və bu klubların altı-yeddisi heyətlərinə görə çempionluğa oynayacaq gücdə idi. “Bakı”, “Karvan”, “Neftçi”, “İnter”, “Qarabağ”, “Turan”, “Xəzər Lənkəran”, “MKT-Araz” – bunların hər biri çempionluğa iddia edə bilərdi. Həmin mövsüm çempionatda Qusarın “Şahdağ” komandası da yarışırdı. Heyətinə görə ortabab sayıla bilərdi. Ev oyunlarını isə Qusar stadionu yararsız olduğundan, Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirirdi. Yəni evdən kənarda. Bu amil də onların çempionatda ciddi bir şeylə yadda qalmayacağı ehtimalı yaradırdı. Amma Sabir Əliyevin çalışdırdığı bu komanda gözlənilməz nəticələr əldə etməyə başladı. Çempionluğa iddialı “Bakı”ya, “Xəzər Lənkəran”a səfərdə, “Qarabağ”a isə evdə qalib gəldi. Xal itirdiyi oyunlarda da sonacan döyüşürdü. Uduzduğu oyunlarda isə əksər hallarda “barmaq” nəticəsində məğlub olurdu.
Həmin mövsüm “Şahdağ” dörd müdafiəçi ilə oynayırdı və bu, Azərbaycan çempionatında bir ilk idi. Nə isə, sözüm bunda deyil. Haqqında danışdığmız mövsümdə Qusar komandası səkkizinci yeri tutdu. Beşinci yeri tutan “Qarabağ”la aralarındakı xal fərqi 5 idi. Bu nəticə heyətə baxsaq, qənaətbəxş sayıla bilər.
Növbəti mövsüm klublar “Şahdağ”ın futbolçularının “ov”una çıxdı. Nəticədə əsas heyət üzvlərinin əksəri komandadan getdi. Təbii ki, qusarlılar növbəti mövsüm gəncləşmiş, eyni zamanda zəifləmiş heyətlə bir şey edə bilməzdi. Amma onlar vuruşurdular. Məğlub olanda da döyüşərək uduzurdular. Növbəti belə “döyüş”dən məğlub ayrılandan sonra baş məşqçi Sabir Əliyev qanıqara şəkildə mətbuat konfransına gəldi. Oyun barədə danışıb bayıra çıxanda bu sözləri dedi: “Rəhbərliyə dedim, xahiş elədim, yalvardım ki, kimi satırsızsa satın, bir dənə Rahidə dəyməyin. Baxmadılar”.
Sabir Əliyevin buraxmaq istəmədiyi Rahid Əmirquliyev 2006/07 mövsümündə “Xəzər Lənkəran”a keçdi və 9 mövsüm bu komandada oynadı. Kapitanlığa yüksəldi, çempion oldu, kuboklar qazandı. Həmişə futbolunu oynadı, qalmaqallarla yox, oyunu ilə yadda qaldı. Klubundan ayrılarkən də hörmətlə, qarşılıqlı razılaşma ilə ayrıldı, komandada pul qurtaran kimi oranı qoyub qaçmadı.
Ancaq düşünürəm ki, onun “Qarabağ”a keçidi düzgün variant deyildi. Çünki “Qarabağ” Rahidin oyun tərzinə uyğun komanda deyil. “Köhlən atlar” ləng hücum edən komandadır. Yəni futbolçular daha az hərəkət edib, daha çox ötürməylə oynayaraq, tədricən, “jim”lə rəqibin cərimə meydançasına tərəf gedirlər. Düzdür, “Qarabağ” son dövrlər bir qədər rəngarəng oynayır, sürətli hücumlar da edir, amma Rahid gələn ərəfədə daha çox ləng hücumdan istifadə edirdilər. Rahidsə əksinə, əksər hallarda topla oynamağı sevən, driblinq edərək sürətlə rəqib qapısına tərəf təkbaşına reyd edən, topla da, topsuz da daim qaçan futbolçudur. Bu, tamamilə fərqli oyun tərzidir ki, Rahid də yəqin bu səbəbdən “Qarabağ”ın sisteminə oturuşa bilmədi. Bu ona bənzəyir ki, “Mersedes”ə aid “zapçast”ı BMV-yə qoyursan, yaxud əksinə. Əlbəttə, heç də həmişə adamın istədiyi kimi olmur. Amma əsas bu deyil. Əsas, vəziyyət necə olur olsun, özünü ləyaqətlə aparmaqdır. Düşünürəm ki, Rahid özünü hər durumda ləyaqətli göstərə bilib.
Aşağıda Rahidin meydanda və meydandan kənarda atdığı addımlara aid nümunələr göstərəcəyik. Məncə, bu misallar onun necə futbolçu, həm də necə insan olmasını tam göstərəcək.
Qisas
“Xəzər Lənkəran”ın İsrail “Makkabi”sinə evdə 0:6 hesabıyla ağır məğlubiyyətini çoxumuz xatırlayırıq. Bundan bir neçə ay sonra Azərbaycan yığması İsraillə səfərdə görüşdü. Həmin oyunda komandamız geri düşsə də, hesabı bərabərləşdirə bildi. Həmin bərabərlik qolunu kim vursa yaxşıdır? Rahid Əmirquliyev. Bu, onun yığmada ilk qolu idi və bu qolla qismən də olsa, klubunun qisasını aldı.
Tanıyanlar bilir ki, Rahid həmişə sadəliyini qoruyub, özünü “dartmayıb”. Hər il şimal rayonlarında çempionatlar keçirilir. Bu çempionatlarda Rahid də həmişə gəlib doğulduğu və böyüdüyü Şirvanovka kəndinin komandasında oynayır. Bir dəfə belə oyunlardan birində hansısa kəndin komandasına qol vurur. Azərbaycan yığması həmin ərəfələrdə Belçikaya 1:4 hesabı ilə uduzmuşdu. Rahidin qol vurduğu komandanın oyunçusu, yığmanın Belçikaya uduzmasını yada salıb lağedici sözlər deyir. Rahid heç nə demir. Topu gətirib qoyur mərkəzə, rəqib mərkəzdən başlayan kimi topu alıb qol vurur. Beləcə, oyunun axırınadək 10-15 qol vurur. Bu hərəkəti rəqib oyunçunun yığmamıza istehzalı sözlərinə cavab olur.
Yardım
Rahid “Xəzər Lənkəran”da oynayan vaxt Şimal zonasının aşağı yaş qruplarına aid komandalarından biri Lənkərana, “Xəzər Lənkəran”ın eyni yaş qrupundan olan komandası ilə oynamağa gəlir. Komandadan Rahidlə əlaqə saxlayırlar. “Xəzər Lənkəran”ın kapitanı deyir ki, “gedin filan restorana, yeyin-için, hesabla işiniz olmasın”. Təbii ki, hesabı sonra özü ödəyir.
Rahidin bir tanışının yaxın adamına müalicə üçün (bəlkə də əməliyyat üçün, dəqiq xatırlamıram) pul lazım olur. Həm də kiçik məbləğ olmur. Yüz minə yaxın. Rahid bundan xəbəri olanda həmin məbləği ödəyir.
Bu yazdıqlarımız bizim bildiyimiz kiçik detallardır. Bəlkə də, Rahid bundan qat-qat artığını edib, hansı ki, xəbərimiz yoxdur. Amma yuxarıda göstərdiyim nümunələr onun həm futbolçu, həm də insan kimi yaxşı olmasını göstərən məlumatlar idi. Bu, heç də hər futbolçuda olmur.
Rahid Əmirquliyev “Xəzər Lənkəran”ın kapitanı olub, hazırda “Səbail”in kapitanıdır. Qısa müddət yığmanın da kapitanı olub. Düşünürəm ki, o, həmişə buna layiq olub. Ona görə də…
Təbriklər, kapitan və gözəl insan!
Bizi Facebook-da izləyin