Rafiq Hüseynov: “Bu dəfə tarixə düşmək istəyirəm”
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatına hazırlıqdan danışıb.
Komanda.az xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlama verən Hüseynovun sözlərinə görə, Osloda dünya çempionu olsa, Azərbaycanda dünya və Avropa çempionluğunu qazanmış dördüncü şəxs kimi güləş tarixinə düşəcək:
“Hər zaman deyirəm ki, gümüş və bürünc medallar mənim üçündür. Qızıl medal isə tarixdə qalır. Bu dəfə tarixə düşmək istəyirəm. Bilirəm ki, əsas rəqiblərim olan isveçli Aleks Kessidis və rusiyalı Adlan Akiyev dünya çempionatına yaxşı hazırlaşırlar. Buna görə də Tokiodan qayıtdıqdan 10 gün sonra məşqlərə başladım. Amma indi mənim əlavə motivasiyam var. Bu, olimpiya medalıdır”.
Tokio olimpiadasının bürünc mükafatçısı bildirib ki, Yaponiya paytaxtında 87 kq çəki dərəcəsində güləşmək istəsə də, Azərbaycanm Güləş Federasiyası ona 77 kq-da mübarizə aparmağı təklif edib:
“2019-cu ildə Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatından sonra Tokio-2020 Yay Olimpiya Oyunları barədə düşünməyə başladım. 2020-ci ilin sentyabrında çəkim 90 kq-dan çox idi. Olimimpiadada 80 kq-da çıxış edəcəyimi düşünürdüm. Lakin federasiyanın təklifindən sonra düşündüm ki, artıq çəkini ata bilərəm. Peşəkar dietoloqların köməyinə müraciət etdim, düzgün arıqladım və 77 kq çəki dərəcəsində Azərbaycanı olimpiadada təmsil etdim”.
33 yaşlı idmançı Tokiodakı yarışdan sonra həyatının tamamilə dəyişdiyini söyləyib: “Bunadək məni hər 10 nəfərdən 2-si tanıyırdısa, artıq bu say 5-6 nəfərdir. Bundan başqa, cənab Prezident İlham Əliyev məni mükafatlandırdı və “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi”.
Norveçdəki dünya çempionatı 2-10 oktyabrda təşkil olunacaq.
Bizi Facebook-da izləyin