
Rafinya: “İrqçiliyə qarşı daha sərt tədbirlər lazımdır”
“Barselona”nın vingeri Rafinya Dias futbolda irqçiliyə qarşı mübarizə mövzusunda fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bu istiqamətdə görülən işlərə baxmayaraq, hələ də kifayət qədər tədbirin görülmədiyini hesab edir:
“Bəli, daha çox şey etmək mümkündür. İrəliləyiş var, amma stadionlarda irqçilik hələ də mövcuddur və bu, qəbuledilməzdir”.
O, problemin yalnız cəza tədbirləri ilə deyil, həm də maarifləndirmə yolu ilə həll olunmalı olduğunu vurğulayıb:
“Daha sərt tədbirlər, daha ciddi cəzalar və ən əsası, təhsil lazımdır. Söhbət təkcə sanksiyalardan deyil, düşüncə tərzinin dəyişməsindən gedir. İnsanlara gənc yaşlardan başa salmaq lazımdır ki, irqçiliyə nə futbolda, nə də cəmiyyətdə yer yoxdur”.
28 yaşlı futbolçu əlavə edib ki, oyunçular da bu prosesdə fəal olmalı və mövqelərini açıq şəkildə bildirməlidirlər:
“Biz futbolçular fikrimizi bildirməklə mühüm rol oynaya bilərik, amma bu, yalnız bizim deyil, hamımızın mübarizəsidir”.
Bizi Facebook-da izləyin



