Ağayev olimpiya lisenziyası üçün Avstriyaya yollandı
Azərbaycanı təmsil edən karateçilər 28 fevral-1 mart tarixlərində Avstriyanın Zalsburq şəhərində Karate1 Premyer Liqa turnirində mübarizə aparacaqlar.
Komanda.az xəbər verir ki, mövsümün 3-cü mərhələsinə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi 14 idmançıdan ibarət heyət yola düşür. Baş məşqçilər Bahəddin Kandaz (kişilər) və Denis Morozov (qadınlar), eləcə də böyük məşqçi Şahin Xudaverdiyev kumite yarışlarında Firdovsi Fərzəliyevi (-60 kq), Rafiz Həsənovu və Tural Ağalarzadəni (-67 kq), Rafael Ağayevi (-75 kq), Ayxan Mamayevi, Pənah Abdullayevi və Turqut Həsənovu (-84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), eləcə də Nuranə Əliyevanı (-50 kq), İlahə Qasımovanı (-55 kq), İrina Zaretskanı (-68 kq) və Fəridə Əliyevanı (+68 kq) müşayiət edəcək.
Kata yarışlarına isə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə yalnız Roman Heydərov qatılacaq.
Zalsburqda Premyer Liqasını idarə edən referilər arasında beynəlxalq hakim Cahangir Babayev da olacaq. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışında 88 ölkədən 625 karateçi yarışacaq. Turnir karateçilərə həmçinin dünya və olimpiya reytinqi xalları qazandıracaq.
İrina Zaretska ötən günlərdə Dubayda Karate1 Premyer Liqa turnirində Tokio Olinpiadasına lisenziyanı vaxtından əvvəl əldə edib. Rafael Ağayevin Yay Olimpiya Oyunlarına vəsiqə əldə etməsi üçün isə mötəbər yarışın Zalsburq mərhələsində üç qələbə kifayət edir.
Bizi Facebook-da izləyin