“Rəşad Sadıqovu böyük qardaşım kimi görürəm” – MÜSAHİBƏ
“Zirə”nin fransalı legioneri Hamidu Keytanın Komanda.az saytına müsahibəsi:
– Kubokun 1/4 finalının ilk oyununda “Neftçi”ni minimal hesabla məğlub etdiz. Hesabın sürüşkən olması narahatlıq yaratmır?
– İlk oyunda qalib gəldik. Biz oraya qalib getmək üçün yola çıxacağıq. 1:0 minimal üstünlükdür. İlk oyunda qeydə alınan nəticəni qoruyub-saxlamaq düşüncəsi ilə yox, qələbə üçün mübarizə aparacağıq.
– “Zirə” ötən mövsüm kubokun finalında “Qarabağ”a uduzdu. Bu dəfə komandanız kubok qazana bilərmi?
– Bəli, həmin oyunda penaltilər seriyasında məğlub olmuşduq. Düşünürəm ki, bu mövsüm məğlubiyyətə layiq deyilik. Qalib gəlmək üçün güclü komandamız var.
– “Zirə” Premyer Liqanın sonuncu turunda “Turan Tovuz”u məğlub edərək, 4-cü pillədəki mövqeyini möhkəmləndirdi. Avrokuboklara getmək şansınız nə qədərdir?
– Uğur qazanmaq və nəticədə avrokuboklara çıxmaq üçün keyfiyyətli komandamız var. Lakin futbolda hər şey sürətlə dəyişir. Oyundan-oyuna cəld davranıb, keçid etmək lazımdır.
– Premyer Liqanın 17-ci turunda “Şamaxı” ilə qarşılaşacaqsız. Onlar sonuncu turda “Sabah”dan xal almağı bacarıb. “Zirə” də sürprizlə üzləşə bilər?
– Biz Premyer Liqanın son matçında çətinliklə qələbə qazandıq (2:1, “Turan Tovuz”). Çünki rəqibimiz yaxşı oynadı. İndi yaxşı əhval-ruhiyyədəyik. Üç xalı qazanmaq üçün mübarizəyə davam etməliyik.
– Bəzi fan-klublar birləşərək, Premyer Liqa oyunlarını boykot ediblər. “12-ci oyunçu” hesab edilən azarkeşlərin stadionlarda olmaması komandalara necə təsir edə bilər?
– Həqiqətən, bu haqda məlumatım yoxdur. Amma azarkeşlərin dəstəyinə bütün oyunlarda ehtiyacımız olur. Onlar bizim üçün çox vacibdirlər. Ümid edirəm ki, tezliklə geri qayıdacaqlar.
– “Zirə”də uzun müddət çıxış etmək istəyirsiz?
– “Zirə”də özümü yaxşı hiss edirəm. Gələcəkdə nələrin baş verəcəyini bilmirəm. Hər oyunda maksimum dərəcədə yaxşı çıxış etməyə çalışıram.
– Baş məşqçi Rəşad Sadıqovla münasibətiniz necədir?
– Mən kluba gələndə onunla aramızda məşqçi-oyunçu münasibəti var idi. Ancaq indi onu böyük qardaşım kimi görürəm. O, meydanda və meydandan kənarda mənə çox kömək edir.
– Azərbaycanda ən bəyəndiyiniz futbolçu hansıdır?
– Bəyəndiyim oyunçular çoxdur. Birini seçmək isə çətindir. Natan Oduva və Abdullah Zubirin adını çəkə bilərəm.
– DÇ-2022-nin finalında hansı komandaları görmək istəyirsiz?
– Mən Mərakeş – Fransa cütünü dəstəkləyirəm. Amma Argentina – Portuqaliya qarşılaşması əsl şou olardı (Portuqaliya artıq mundialda mübarizəni dayandırıb).
– Dünya çempionatı dövründə bir məsələ daha da aktuallaşdı: Lionel Messi, yoxsa Kriştiano Ronaldo? Sizə görə, hansı daha yaxşıdır?
– Kriştiano Ronaldonu daha üstün tuturam. Amma Messi dünya çempionatında daha yaxşı çıxış edir.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin