Rəşad Sadıqov: “Növbəti oyunda şanslar bərabər olacaq”

“Zirə” bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Xorvatiyanın “Hayduk” komandasını qəbul edib.

Komanda.az xəbər verir 1:1 hesabı ilə başa çatan matçdan sonra Bakı təmsilçisinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sadıqov maraqlı oyun alındığını bildirib:

“Maraqlı oyun alındı. Hər iki komanda meydanda çox hərəkətli idi, qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Qol vurduqdan sonra psixoloji üstünlüyü ələ aldıq. İkinci hissədə fürsətlərimiz oldu, yararlana bilmədik. Hesabı artırmağa çalışırdıq. Amma bu, alınmadı. Rəqib əlinə düşən ilk fürsətdən istifadə edib, bərabərlik qolunu vurdu. Əfsuslar olsun ki, biz qol epizodlarından yararlana bilmədik.

Düşünürəm ki, növbəti oyunda şanslar bərabər olacaq. Rəqibin üstünlüyü azarkeş baxımından ola bilər. Ümid edirəm ki, səfərdə qələbə qazanıb, mərhələni keçən tərəf biz olacağıq. Ümumi götürsək, oyundan razı qaldım. Meydana daxil olan yeni oyunçuların çıxışı da məni qane etdi. Rövlan oyuna yaxşı qoşuldu. Ümumiyyətlə, mətbuat konfranslarında futbolçuların individual çıxışlarını müzakirə etmirəm.

Çox vaxt hakimlərin simpatiyası rəqib komandaya olur. Nəticəyə təsir edən səhvə yol verdiyini düşünmürəm. Bəzi epizodlar var idi ki, bizim də lehimizə qərar verə bilərdi. Amma gördük ki, bütün qərarları rəqibin lehinə idi. Yəni, belə hallara artıq özümü hazırlamışam”.

Tərəflər arasındakı cavab matçı bir həftə sonra Xorvatiyada keçiriləcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button