Rəşad Sadıqov: “Nəticə yaxşı oyundan daha önəmlidir”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində səfərdə “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:3 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:

“Oyun pis getmirdi. Qola kimi hər şey planlaşdırdığımız kimi gedirdi. Müdafiədən çıxanda top itkisindən sonra rəqib ilk hissənin son dəqiqələrində fərqləndi. Bundan başqa təhlükəli qol epizodları yox idi. Bizim isə bir epizodumuz var idi. Rəhim Sadıxov qapıya zərbə əvəzinə ötürmə verdi. İkinci hissədə daha açıq oyun oldu. Hesabı bərabərləşdirmək üçün yaxşı fürsətlərimiz var idi. Təəssüf ki, son fazada ötürmələr, zərbələr alınmadı. Ümumən futbolçuların apardığı mübarizədən, oyun planından narazılığım yoxdur. Turnir cədvəli elədir ki, hər oyunda xal qazanmaq lazımdır. Bu gün yaxşı oyundan daha önəmli olan nəticədir. Təəssüf ki, bunu əldə edə bilmədik. Qarşıda bizi “Kəpəz”ə qarşı çox vacib oyun gözləyir.

Turnir cədvəli hələ ki, yalnız kuboku düşünmək üçün şərait yaratmır. Önümüzdəki komanda ilə aramızda 1 xal fərq var. Növbəti tur bizim üçün olduqca vacibdir. Hər komandanın avrokuboklara vəsiqə qazanmaq imkanı var. Oyunların daha da gərgin keçməsi bununla bağlıdır. 26 turdan sonra “Qarabağ”dan başqa digər komandaların maksimum 10 qələbəsi var. Ümumiyyətlə çempionatda qələbə qazanmaq çox çətindir. Bu periodda oyununu qoruyub saxlayan, daha soyuqqanlı olan komanda daha uğurlu nəticə əldə edəcək. Çoxsaylı itkilərimiz var. Hücum xəttində oynatmağa oyunçumuz yoxdur.

Bugünkü durumumuzda ən azı Konfrans Liqasına vəsiqə qazanmaq istəyirik. Amma hər komanda Avropa Liqasında oynamaq istəyər. Çünki, orada məğlub olacağın təqdirdə Konfrans Liqasına düşürsən. Hər şey gedişatdan asılıdır. Məsələn “Turan Tovuz”la oyunda qələbəyə köklənmişdik. Amma o qədər hadisələr baş verdi ki, 1 xalla ayrıldıq. Təbii ki, 13 turdan sonra 2-ci yeri istəyirdik. Amma bu gün turnir cədvəli elədir ki, 3-cü yer də, 4-cü yer də yaxşı sayılacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button