Rəşad Sadıqov: “Mənə belə qələbə lazım deyil”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, qolsuz heç-heçəyə razılaşdıqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Hər iki komanda bir-birinə yaxşı bələd idi və müdafiədə etibarlı oynadı. Heç bir tərəf səhvə yol vermədi. Xırda epizodlar olurdu, o da zərbə və ya asma ilə nəticələnirdi. Oyun qol epizodları baxımından kasad keçdi. Hər iki komanda ağıllı oynamağa və mübarizələrdə bir-birinə güzəştə getməməyə çalışırdı. Elə bir oyun idi ki, səhv bağışlanmayacaqdı. Çünki hansısa komanda rəqibini 3 xal qabağa buraxsa, sonradan bunu aradan qaldırmaq çətin olacaqdı. Növbəti xalımızı qazandıq. Əzmkar mübarizəyə görə futbolçularıma təşəkkürümü bildirirəm”.

Sadıqov rəqibin fiziki baxımdan daha gümrah təsir bağışladığını söyləyib: “Sumqayıt” “Qarabağ”la kubok görüşündə əsas oyunçularının əksəriyyətini qorumuşdu. Bəlkə bu gün fiziki cəhətdən daha gümrah idilər. Amma bizim uşaqlar meydanda bunu hiss etdirmədilər, başabaş mübarizə apardılar. Düzdür, ikinci hissənin əvvəlində çoxlu top itkilərimiz oldu. Bir az həmin vaxt rəqibə rahat oynamağa imkan verdik. Amma sonradan vəziyyəti bərabərləşdiridk”.

Baş məşqçi oyunun əvvəllərində gərgin olmasının səbəbini də açıqlayıb: “Heç vaxt hakim səhvi ilə qələbənin tərəfdarı olmamışam. Səhv gördüyümüz anda özümüzdən asılı olmayaraq gərginləşirik. Səhv olmayanda buna ehtiyac da qalmır. Amma ikinci hissədə özümü daha sakit saxlamağa çalışırdım. Bilirdim ki, dəqiqələr keçdikcə, zatən, oyunçularda gərginlik artacaq. Ona görə özümü sakitləşdirdim ki, futbolçular meydanda daha sərbəst olsunlar”.

O qeyd edib ki, “Sumqayıt”a qarşı oyunları pis keçmir: “Bir az son matçda rəqibin nisbətən üstünlüyü oldu. Amma digər qarşılaşmlarda üstünlük cüzi də olsa bizdə idi. “Sumqayıt” çox yaxşı komandadır. Ayxan Abbasov yaxşı kollektiv qurub. Heyətlərin millinin 8 üzvü çıxış edir. Bu da komandaya əlavə motivasiya verir. Bu gün “Sumqayıt”ın bir neçə düşünülmüş hücumunun qarşısını ala bildik. Amma özümüz hücumda istədiyimiz kimi oynaya bilmədik. Çünki rəqibin heyətində ustalıq səviyyəsi yüksək müdafiəçilər var. Onlar da bizim qarşımızı almağa çalışırdı. Bu, hər iki komandada yaxşı alındı”.

Mütəxəssis cari mövsümdə üzləşdikləri çətinliklərdən də söz açıb: “Problemlərimiz göz qabağındadır. Adətən, çempionat qışadək bir tempdə keçir, qışdan sonra fərqli olur. Digər səbəb, “Neftçi” ilə kubok və çempionat matçlarımızdan sonra heyətdə itkilər olmağa başladı. Demək olar ki, 6-7 turdan sonra ötən matçda optimal heyətlə meydana çıxdıq. Bəlkə də çempionat ərzində ən çox itkilər bizdə olub. Düzdür, son vaxtlar “Qarabağ” da itkilərlə üzləşib. Şükürlər olsun, öhdəsindən gələ bildik. Düşünə bilərlər ki, “Zirə” 6-7 oyundur qələbə qazana bilmir. Amma mən fərqli baxıram. Kimsə çempionatın əvvəlində, kimsə ortasında, kimsə də sonlarında çox xal yığır. Daha yaxşısını edə bilərdik. Amma bu da pis deyil. Bəzi oyunlarda nəticəyə təsir edən hakim səhvləri oldu. Bütün problemləri nəzərə alsaq, bugünkü durumumuzdan razıyam”.

Sadıqov “Keşlə” ilə ölkə kubokunun yarımfinal matçına da toxunub: “Qarşıda bizi vacib görüş gözləyir. Rəqib də bu gün qələbə qazanıb. Çox potensiallı, yaxşı heyətləri, kubok qazanmaqda təcrübəli məşqçiləri var. Bilirik ki, sonadək mübarizə aparacaqlar. Bərpa olub, 3 gün sonra yenidən oyuna çıxmalıyıq. Hazırda bütün fikrimiz kubok görüşündədir. Həm avrokuboklara vəsiqə, həm də komandanın tarixi baxımından önəmli oyuna çıxacağıq. Çempionatı kənara qoyub, kubok oyunu barədə düşünməyə məcburuq”.

Baş məşqçi “Zirə”nin praqmatik futbol sərgiləməsi fikirləri ilə razılaşmadığını vurğulayıb: “Bir komandanın fəlsəfəsi praqmatik oyun üzrəində qurulubsa, “Keşlə” ilə kubok matçında elə hücum futbolu oynaya bilməz. Qəti bu fikirlər razı deyiləm. Ümumiyyətlə, mənim fəlsəfəmdə praqmatik futbol yoxdur. Ümumi götürsək, komanda birinci etibarlı müdafiədən qurulmalıdır. İlk növbədə öz qapının qarşısında rəqibə qol imkanı verməməlisən. Rəqib 4-5 qol imkanı yaxalasın, amma sonda biz qalib gələk – mənə belə qələbə lazım deyil. Bu, müvəqqəti uğurdur. Müdafiən etibarlı deyilsə, sabit nəticə qazanan komanda qura bilməzsən. Bir çox oyunlarda topa nəzarətimiz rəqibdən daha çoxdur. Praqmatik oyun sərgiləyən komandanın göstəricisi belə olmur. Ona görə də bu, düzgün fikir deyil. Praqmatik futbolda oyunu əks-hücumlardan qurursan. Bizdə isə belə deyil. Adam hər şeyi deyə də bilmir. Razıyam, bəzi matçlarda oyunu müdafiədən qururuq. Bu da taktiki gedişdir və hər rəqibə şamil olunmur”.

Sadıqov özünü baş məşqçi kimi hərtərəfli inkişaf etdirmək istədiyini bildirib: “Çünki hər komandaya qarşı fərqli oyun qurmağı bacarmaq istəyirəm. Bəzən böyük klublar da nəticə qazanmaq üçün belə dəyişikliklərə gedirlər. Biz də bəzən belə şeylərə əl atmağa çalışırıq. “Neftçi” və “Qarabağ”ı kənara qoysaq, digər 6 komandanın hansı sabit hücum futbolu oynayır? Bunu heç kim mənə deyə bilməz. Qapımda 5-6 dənə qol epizodu olacaqsa, mən elə hücum futbolu istəmirəm. Çünki bu yolun gələcəyi yoxdur. Amma “Qarabağ” və “Neftçi” bu oyunu oynamalıdır. Biz isə istər məşqçilər, istərsə də futbolçular olaraq, o səviyyəyə gəlməmişik. İnanıram, bu yolun sonunda özümüzü elə inkişaf etdirəcəyik ki, o cür futbol oynayacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button