Rəşad Sadıqov: “Futbolumuzu çirkləndirmək istəmirəm”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Sadıqov, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- İlk dəqiqələrdən futbolçularda gərginlik var idi. Gözlənilmədən qol buraxdıq. Daha sonra uşaqların verdiyi reaksiya xoşuma gəldi. Daha yaxşı və istəkli oldular. Komandamız tam hazır deyil. 60-70-ci dəqiqədən sonra yorulacağımızı gözləyirdik. Qapıçımız Mehdi Cənnətov bir neçə qurtarış etdi. İlk oyunda bir xal qazandıq. Komandamızı və camiəmizi təbrik edirəm.
- Qarşıya qoyulan məqsəd nədir?
- 8 komandalı çempionatdır və hər bir komanda istəyir avrokuboklara vəsiqə qazansın. Sırf hədəfimiz hansısa yeri tutmaq deyil. Əsas istəyimiz odur ki, oyunumuzu inkişaf etdirək. Mən istəyirəm ki, üçlükdə olum, çempion olum. Ancaq aşkardır ki, “Qarabağ” və “Neftçi” daha üstündür. Hər baş məşqçi kimi mən də avrokuboklara vəsiqə qazanmaq istəyirəm. Seleksiya işlərimiz yavaş gedir. Bir futbolçu ilə razılaşmışıq, ancaq 2 gün sonra heyətə qoşulacaq. Sonda necə olacağını görəcəyik. Gənclərə də şans vermək istəyirik. Hər şeyi zaman göstərəcək.
- Hakimliklə bağlı fikirləriniz nədir?
- Ötən il də belə hadisələrlə qarşılaşmışdıq. İstəmirəm ki, nəticəni hakimliklə bağlayım. Biz də baxdıq ki, vurduğumuz qolda ofsayd yoxdu. Maksimum çalışıram ki, hakimlik haqda danışmayım. Səbrli olmaq istəyirəm. Futbolumuzu çirkləndirmək istəmirəm. Əvəzetmə olanda gərək oyunçu mövqeyinə çatsın. Bizdə Rauf Hüseynli meydanda mövqeyinə çatmamış hakim oyunu başladı. Bir xal yaxşı nəticədir.
- Ağabala Ramazanovun çıxışını necə dəyərləndirirsiz?
- Ağabala ilk dəfə milliyə dəvət almayanda psixoloji problemlər yaşadı. Güclü olmaq və belə problemləri aşmaq lazımdır. Zədələri də oldu, ən yaxşı formasında olanda koronavirusa yoluxdu. Bir az şanssızlıq yaşadı. Ümid edirəm ki, yavaş-yavaş ideal formasını bərpa edəcək.
- Yeni futbolçular gələ bilməsə, heyətlə bağlı şikayətləriniz olacaq?
- Xeyr, gənc futbolçularımız var. Heyətimizə yeni oyunçular cəlb etmişik. Çalışacağıq ki, hər kəsə şans verim. Perspektivli oyunçularımızın əvəzedici komandada təcrübə yığmasını istəyirəm. Bəziləri var ki, 4-5 il sonra millinin üzvü olmaq potensialındadır. Volkov uzun müddətdən sonra yaşıl meydanlara qayıtdı. Stoilovu da oynatmaqla risk etdim. İstəyirəm ki, geniş heyətimiz olsun. Transferlər yubanırsa, bu, bizlə bağlıdır. Bəzi oyunçularla danışıqlar aparırıq. Futbolçulara bu yay sərbəstlik verdim. Bakıda təlim-məşq toplanışı keçmək çətindir.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin