Rəşad Sadıqov: “Bu şəhərə, kluba xüsusi sevgim var” – VİDEO
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 8-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“İlk növbədə “Turan Tovuz” azarkeşlərini salamlayıram. Onların qarşısında çıxış etmək üçün çox darıxmışdım. Bu şəhərə, kluba xüsusi sevgim var. Qazandıqlarımın çoxunu onlara borcluyam. İlk addımları burada atmışam və komanda, azarkeşlər mənə böyük dəstək olub. Onların qarşısında çıxış etmək həyəcanlı idi.
Oyuna gəldikdə, vacib qələbə qazandıq. Son oyunda gözlənilməz və ağır məğlubiyyət almışdıq. Bugünkü qələbə bizim üçün çox önəmli idi. Oyundan sonrakı zaman ərzində futbolçularım məşqlərdə çox istəkli oldular. “Qarabağ”a məğlubiyyəti unudub irəli baxırdılar. Bunun da bəhrəsini oyunda gördük. Ağır oyun alındı. Ayxan Abbasov çox təcrübəli məşqçidir, çox güclü və möhkəm kollektiv formalaşdırıb. Hava şəraiti də çox ağır idi. Erkən saatlarda, süni örtüklü meydanda oynayırdıq.
Oyun istədiyimiz kimi başlamışdı. Amma rəqibin qolundan sonra hesabda geri düşdük. Buna baxmayaraq futbolçularımız düzgün reaksiya verdilər, dərhal hücuma atılıb, qollarımızı vurduq. Çox vacib qələbə oldu. Futbolçularımı, rəhbərliyi, azarkeşləri təbrik edirəm. Yol uzaq olsa da, bizi dəstəkləmək üçün çox azarkeş gəlmişdi. Onlara ayrıca təşəkkür edirəm”.
Bizi Facebook-da izləyin