Rəşad Sadıqov: “Ən azı bir xala layiq idik”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 23-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularıma təşəkkür edirəm. Çox yaxşı mübarizə apardılar. Son turda gözlənilməz və məyusedici şəkildə uduzmuşduq. “Qarabağ” isə avrokuboklarda yaxşı oyunla vacib qələbə qazanmışdı. Matça istəkli başladıq. Rəqibə oyunboyu pressinq tətbiq edirdik. Yaxşı əks-hücumlarımız oldu. 90 dəqiqə ərzində rəqibə qol imkanı vermədik. Ən azından bir xala layiq idik. Amma futbolda bəzən işlər istədiyimiz kimi getmir. Xala layiq idik, amma uduzduq.
İki-üç futbolçumuz var ki, onları əsas heyətdə meydana buraxmaq istəyərəm. Amma rəqabət var. Hansısa futbolçuya keyfiyyətinə görə üstünlük verirsən. Bu gün Rüstəmə üstünlük verdik. Toni soldan daha effektivdir. Orada rəqabət yüksəkdir. İkisi arasında seçim edirdik. Toniyə daha çox şans vermək istəyirəm. Məşqlərdə də özünü yaxşı göstərir. Oyun elə gedirdi ki, dəyşiklik oyunu sındırardı. Ona görə sonda şans verdim. Rəqib böyük qüvvə ilə irəli atılmışdı. Məcbur idik müdafiəni düşünüb, əks-hücumlarda rəqibi yaxalayaq. Eldar Quliyev epizoddan daha yaxşı istifadə etsəydi, qolla nəticələnərdi. O, hələ hazır deyil. Son rəsmi oyununu noyabrın sonunda oynayıb. Toplanış da keçməyib. Bu gün şans verdim ki, çempionatımızı hiss etsin. Hərəkətli futbolçudur. Hücumları yaxşı bacarır deyə, fikirləşdim ki, həm müdafiədə, həm də əks-hücumlarda faydalı olar. Əslində, effekt vermişdi. Bəlkə də, qol epizodunda daha erkən zərbə vura bilərdi. Bu gün meydanda göstərdikləri məni sevindirdi.
Eldar Quliyevi transfer etdikdə, özünə də demişdim ki, yerli gözü ilə transfer etmirəm. Bir ildir ki, istəyirdim onu. Sevinirəm ki, gəldi bizə. Azərbaycanı seçib oynasa, bir azərbaycanlı kimi məni sevindirəcək. Legioner kimi də oynasa, buna özü qərar verəcək. İstəyərəm ki, millimizdə oynasın. İstedadlıdır. Son illərdə onun kimi istedadlı oyunçuları milliyə qazandırmışıq. Eldarın da onlardan biri olmasını istəyərdim”.
Bizi Facebook-da izləyin