“Rəqibin ustalığı öz sözünü dedi” – Səlahət Ağayev
“Güclü komandaya qarşı oynadıq. Rəqib dünya çempionatında ikinci olub. Oyun 1:1 hesabı ilə bitsəydi, bizim üçün daha yaxşı nəticə olardı. Yaxşı oynadıq. Nəyi bacarırdıqsa, meydana qoyduq”.
Komanda.az xəbər verir ki, bu fikirləri Azərbaycan milli komandasının qapıçısı Səlahət Ağayev AÇ-2020-nin seçmə mərhələsinin 1-ci turunda səfərdə Xorvatiyaya 1:2 hesabı ilə məğlub olduqları matç barədə danışarkən deyib.
28 yaşlı qolkiper birinci hissədə buraxdığı qolun çətin epizod olduğunu vurğulayıb:
“Topu çıxarmağı bacarmadım. Rəqibin ustalığı öz sözünü dedi. Bir xal qazansaydıq, daha yaxşı olardı. Komandada özünəinam yarandı ki, biz futbol oynaya bilirik. Bu gün Xorvatiyaya qarşı belə oynadıqsa, gələcəkdə şanslarımız da olacaq”.
Ağayev rəqibin ulduz futbolçusu Luka Modriç haqqında da söz açıb:
“Onun şərhə ehtiyacı yoxdur. Modriç dünya səviyyəli oyunçudur. Dünyanın ən yaxşı futbolçusu seçilıb. Onu boş yerə ən yaxçı oyunçu seçməyiblər”.
Bizi Facebook-da izləyin