“Rəqibin üçüncü qolu məni məyus etdi” – Samir Abasov
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 2:3 hesabıyla uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Rəqibi təbrik edirəm. Gərgin və maraqlı oyun alındı. Əksər hallarda kubokda ilk oyun bir az sönük keçir. Görünürdü ki, hər iki komanda uduzmaq istəmir. Sanki, komandalar ən önəmli matçlarından birinə çıxmışdı. Futbolçularımı təbrik edirəm. İkinci hissədə yaxşı oynadılar. 0:3-dən sonra sınan komanda kimi görmədik. Komanda inanırdı ki, oyunu çevirə bilər. Rəqibin üçüncü qolu məni məyus etdi. Düşünürəm ki, top meydandan çıxmışdı. Bu, Mehdi Cənnətovun da sarı vərəqə almasına səbəb oldu. İkinci oyunumuz var. Bundan əvvəl də yeni stadionumuzda “Neftçi” ilə çempionat matçı var. İnanıram ki, oyun azarkeşlərin stadiona gəlməyinə səbəb olar.
İlk yarıda rəsmən mərkəzi əldən verdik. Əslində belə təzyiqi gözləyirdik. Amma buna hazırıq. Çünki oyunumuz təzyiq altında keçir. Bu, sırf ortada və hücumda olan oyunçulara aiddir. Təəssüf ki, təzyiqdən çıxa və oyunu meydanın rəqibə aid hissəsində qura bilmədik. Səbəb sırf bu idi. Buna görə də ikinci hissədə dəyişikliklər etdik və oyunu bərabərləşdirdik”.
Bizi Facebook-da izləyin