“Rəqibin təzyiqinə dözə bilmədik” – Ayxan Abbasov
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini paylaşıb.
Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları dilə gətirib:
“Kubok bir oyundan ibarətdir. Bəlkə də, 1/8 finalda ən ağır cütlük biz idik. Çünki digər komandalar birinci liqa ilə oynayırdı. Bizim üçün kubok bu mövsüm bitdi. Üç gün əvvəl də “Zirə” ilə oynamışdıq. Bilirdik ki, “Zirə” uduzduğu üçün bu oyunda daha aqressiv olacaq. Futbolçularımızı hazır etməyə çalışdıq. İlk dəqiqələrdəki vurduğumuz qol “Zirə”ni daha aqressiv etdi. İkinci qolu da vura bilərdik. Belə oyunlarda ikinci qol lazım olur. Təəssüf ki, sonda rəqibin təzyiqinə dözə bilmədik. Yorğunluq öz sözünü dedi. Sıx qrafik bizim üçün daha çox çətindir. Digər komandalar dörd gündən bir oynayır, biz üç gündən bir. İndi biz tovuza gedib, 23-də “Araz-Naxçıvan”la oynayacağıq. Bu gün rəqib ikinci hissədə bizə imkan vermədi. Futbolçularımızın soyuqqanlı olmasını istədik. Amma oyunun təzyiqi buna imkan vermədi. Rəqibi təbrik edirəm. Gələn oyuna hazırlaşıb, ili yaxşı nəticə ilə başa vurmaq istəyirik. Çalışacağıq ki, çempionatda nə qədər bacarırıqsa, irəlidə olaq. Demək ki, bu mövsüm kubokda irəlilmək qismət deyilmiş”.
Bizi Facebook-da izləyin