“Kəpəz”in Premyer Liqada qalması üçün çox işlər görmüşük” – MÜSAHİBƏ

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

  • Hazırda komandanın maliyyə vəziyyəti necədir?
  • Komandanın maliyyə vəziyyəti normaldır. Rəhbərliyə dediyimiz məsələlər tez bir şəkildə, müsbət cavablandırılır və bu gün hər şey qaydasındadır, öz axarı ilə gedir.
  • “Kəpəz”ə sponsor tapılıb deyirlər, amma adı heç yerdə açıqlanmır. Bununla bağlı nə deyə bilərsiz?
  • Yeni sponsorla bağlı elə də böyük məlumatım yoxdur, məlumatsızam. İnanıram ki, yaxın vaxtlarda hər şey “Kəpəz” üçün daha xeyirli olar.
  • Komandanızın güclü rəqiblərə qarşı daha baxımlı, döyüşkən mübarizə apardığının şahidi olmuşuq. Amma daha zəif komandalarla oyunlarda bunu edə bilmirsiz. Çətindir ki, komandanı hər oyuna eyni qaydada motivasiya etmək?
  • Komandanı altıncı turdan götürmüşəm və qışa qədər demək olar ki, seleksiya işlərimiz gedib. Yeni oyunçuların əvvəlkilərlə tanışlığı – bunların hamısı böyük bir prosesdir. Asan bir məsələ deyil və qışdan sonra komandanı az da olsa, komplektləşdirə bildik. Mənə elə gəlir ki, əsas səbəblərdən biri də komandanın yeni olmasıdır. Demək olar ki, dekabrdan bəri yığılan kollektivdir.
  • “Kəpəz” ölkə futbolunda həmişə yeri olan, çempionata rəng qatan komanda olub. Vaxtilə komandanın stadionunda iynə atsan, yerə düşməzdi. Nə etmək olar ki, həmin ab-hava, anşlaq yenidən olsun?
  • Bu gün cənab prezidentin tapşırığı ilə Gəncədə yeni bir stadion tikilir. Düşünürəm ki, stadionda tikinti işləri bitdikdən və istifadəyə verildikdən sonra gəncəlilər, “Kəpəz”i sevən azarkeşlər daim yanımızda olacaq, tribunalarda boş yerlər qalmayacaq.
  • “Kəpəz”in çətin dönəmlərində gəlib komandanı dirçəltdiz. Növbəti mövsümdə sizi göndərib yeni baş məşqçi gətirsələr, buna necə reaksiya verərsiz?
  • Bu gün önəmli olan “Kəpəz”in Premyer Liqada qalmasıdır. “Kəpəz”in Premyer Liqada qalması üçün çox işlər görmüşük və inanıram ki, son tura qədər də bunu belə davam etdirəcəyik. Eyni zamanda, yaxşı oyunlar keçirib azarkeşlərimizi sevindirmək istəyirik. Yerdə qalan məsələlər necə olacaq, nə cür olacaq… Əsas odur ki, “Kəpəz” Premyer Liqada olsun.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button