Adil Şükürov “Kəpəz”in hədəfini açıqladı, pulsuzluqdan şikayətləndi – MÜSAHİBƏ

“Kəpəzin baş məşqçisi Adil Şükürovun Komanda.az saytına müsahibəsi:

  • Növbəti mövsümlə bağlı planlarınız nədir? Rəhbərlik qarşınıza hansısa hədəflər qoyub?
  • Çox böyük təəssüflə bildirməliyik ki, biz yeni mövsümdə 9-cu yer uğrunda mübarizə aparacağıq. Bu barədə klub rəhbərliyinin özü bizə bildirib. Azarkeşlərimizlə görüşdə də bu barədə məlumat vermişik. Klubumuzda sponsor olmadıqca, ancaq Premyer Liqada qalmaq uğrunda mübarizə aparacağıq.
  • Komandadakı legionerlər gedib. Bununla bağlı nə düşünürsüz, yeni əcnəbi oyunçular transfer olunacaq?
  • Legionerlər klubu tərk ediblər, düzdür. Amma biz əlimizi yanımıza salmayacağıq. Mübarizə aparacağıq ki, “Kəpəz” elitanı tərk etməsin. Bunu Gəncə şəhəri olaraq etməliyik, azarkeşlərin dəstəyinə çox böyük ehtiyacımız var. Onların dəstəyi futbolçularımıza, biz məşqçilərə mübarizə aparmaq üçün böyük motivatsiya verəcək.
  • Klubda ciddi maliyyə sıxıntıları olduğu bildirilir.
  • Maliyə sıxıntısı iddialı komanda qurmağımıza mane olur. Biz daha güclü, rəqabətə davamlı komanda qurmaq istəyirdik. Çox təəssüf, maliyyə sıxıntılarımız “Kəpəz”i layiq olduğu yerə qaytarmağımıza imkan vermir.
  • Mövsümün gedişində deyil, əvvəlindən komandaya rəhbərlik etmiş olsaydız, bunun nəticələrə daha yaxşı təsiri olardımı?
  • Ötən mövsüm artıq bacardıqlarımızı etdik. Lakin yeni mövsümdə işimiz daha ağır olacaq. Çünki keçən ilin əvvəlində olan imkanlarla bu il üçün olan imkanlar fərqlidir.
  • Klubla müqaviləniz nə vaxta kimidir? Ümumiyyətlə, “Kəpəz”də uzun müddət çalışmaq istərdiz?
  • “Kəpəz” Azərbaycanın köklü klublarındandır və müqaviləm 2025-ci ilin may ayına kimidir. Lakin qeyd etdiyim kimi, köklü klubda məşqçi olmaq çox məsuliyyətlidir. Klubun tələbkar və futbolu yaxından izləyən azarkeşləri var. Bu cür azarkeşlərin qarşısına komanda hazırlayıb çıxarmaq böyük məsuliyyətli və şərəfli bir məsələdir.
  • Konkret danışıq apardığınız hansısa futbolçu varmı?
  • Konkret danışıq apardığımız yeni futbolçular yoxdur.
  • Komandanız başa çatan mövsümdə son turlara qədər “Araz-Naxçıvan”la mövqe mübarizəsi apardı. Naxçıvan təmsilçisini qabaqlamaqda komandanıza mane olan səbəblər hansılar idi?
  • Xoşlamadığım bir məsələ var ki, o da klubun turnir cədvəlində mövqeyinin müəyyənləşməsi digər komandaların oyunlarının nəticəsindən asılı olur. Qeyd etdiyiniz məsələ də bununla bağlı idi.
  • Sizcə, yeni mövsüm üçün daha mübariz, daha mütəşəkkil komanda formalaşdıra biləcəksiz?
  • Bunun üçün bütün gücümüzü səfərbər edəcəyik. Reallıq isə fərqlidir. Klubumuz inkişaf etməlidir. İnkişaf etməsi üçün isə əlavə maliyyə dəstəyi vacibdir. Çox təəssüf ki, durumumuz məlumdur.
  • Gəncəli azarkeşlərlə aranız necədir?
  • Gəncəli azarkeşlərin hər birinə ötən mövsüm göstərdikləri möhtəşəm dəstəklərinə görə komandamızın bütün üzvlərinin adından təşəkkür edirəm. Gəncədə komandamızın üzvləri gəzdikdə azarkeşlərin dəstəyini hər kəs hiss edirdi. Yəni, azarkeşlər daim yanımızda oldular.
  • “Kəbəz”in növbəti mövsümə hazırlıq planı necədir? Təlim-məşq toplanışını harada keçirməyi düşünürsüz?
  • İyun ayının 20-dən etibarən komandanı Gəncədə toplayacayıq. İlkin mərhələni Gəncədə keçdikdən sonra, yoldaşlıq oyunları üçün komandalarla danışıqlar aparıb, oyunların keçiriləcəyi yerlərə gedəcəyik.
  • Son olaraq, AFFA-nın rəhbər postuna Rövşən Nəcəfin təyinatını necə dəyərləndirirsiz? Rövnəq Abdullayevlə müqayisədə daha uğurlu ola bilərmi?
  • AFFA rəhbərliyində olan dəyişiklik, düşünürəm ki, inkişafda olan ölkə futbolunu daha da irəli aparacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button