Rəşad Sadıqov: “Qol mənim üçün əsas göstərici deyil”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
“Maraqlı oyun alındı. Rəqib bu matçda səhvlərimizə qarşı amansız idi. Ucuz qollar buraxdıq. Futbolçulardan narazı qala bilmərəm. Kim səhvlərdən daha yaxşı istifadə etsə, o da qələbə qazanır. Çox kobud səhvlər etdik. Bunlar oyunun dəyərinə və qiymətinə yaraşmadı. Belə olan halda qələbə qazanmaq müşkülə çevrilir.
“Sabah”a qarşı ilk yarıda istədiyin oyunu sərgiləmək çətindir. Amma səbrli davranıb müəyyən dəqiqələr keçdikdən sonra bu komandaya qarşı istədiyin oyunu nümayiş etdirmək olar. Ani diqqətsizsizlikdən hissənin sonunda qapımıza cərimə zərbəsi təyin olundu. Rəqib standart vəziyyətlərdə təhlükəlidir. Bu komandaya üstünlük verdikdən sonra görüşün taleyini dəyişmək asan deyil. Amma buna baxmayaraq, hesabı bərabərləşdirdik. Görüş bizim üçün pis getmirdi. Daha sonra müdafiədə səhvlər oldu və rəqibin heyətində yetəri qədər usta futbolçular var ki, bunu bağışlamır.
Buraxılan ilk qoldan sonra xarakter nümayiş etdirdik. Təhlükəli hücumlarımız oldu. Rəqib yaxşı müdafiə olunurdu və fərqlənməyimizə imkan vermədi. Komandanın çıxışından razıyam, yaxşı oyunlarımızdan birini keçirdik.
Davit Volkov ürəksiz oynamadı. O, çox yaxşı insandır. Özü ilə söhbətlərimiz olub. Təkliflərin olması və millinin aparıcı üzvlərindən birinə çevrilməsi psixoloji cəhətdən futbolçuya təsir edir. Mənim üçün oyunçunun qol vurub-vurmaması əsas göstərici deyil. Həmişə qol imkanlarından istifadə etmək mümkün deyil”.
Sadıqov avrokuboklara vəsiqə qazanmaq istədiklərini deyib: “Bunun üçün sıx qrafikə hazır olmalıyıq. Heyətdə təcrübəli futbolçularımız var. Hazırda üçüncü pillədəyik. Qış fasiləsindən sonraya nəzər salsaq, uğurlu çıxış etdiyimizi deyə bilərik. Çox çətin qrafikə düşmüşdük. Bu matçlarda xal itkilərimiz gözlənilən idi. Yolumuza davam etməli və növbəti görüşləri düşünməliyik”.
Mehri Qurban
Bizi Facebook-da izləyin