Rəşad Sadıqov: “Onlar səviyyəcə digər komandalardan fərqlənirlər”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 14-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyun gözlədiyimizdən də çətin, gərgin keçdi. Birinci hissədə topla oyunumuz daha yaxşı alınırdı. Yaxşı hücumlarımız var idi, amma sonluğu gətirə bilmirdik. İkinci hissəyə rəqib daha aqressiv başladı. Dəqiqələr ötdükcə xüsusilə də sağ cinahdan yüklənirdik. Lorislə Qismət yaxşı anlaşırdılar. Qol da oradan gəldi. Çox vacib qələbə qazandıq. Həftə ərzində futbolçuların üzərində təzyiq var idi. Buna baxmayaraq, önəmli qalibiyyət əldə etdik. İki həftəlik fasilə var. Sonra kubok matçı, sonra “Qarabağ”la oyunumuz olacaq. İki gün dincəlib matçlara hazırlaşacağıq. Rüstəmi heç nədən itirdik. 4 gündür qızdırma içindədir. Felipe “Qəbələ” ilə görüşə sağlam çıxdı, bir saat sonra ayağı şişməyə başladı. İkinci hissədə oyunu gücləndirmək istəyəndə itkilər özünü daha qabarıq şəkildə göstərdi. Amma meydana çıxan, sonradan daxil olanlar sona kimi əllərindən gələni etdilər. Zədəli futbolçuların durumu ciddi deyil. Amma bu periodda 2-3 həftə məşqləri qaçırıb, sonra yenidən hazır olmaqları vaxt alacaq. Kubokda 1/8 finaldan sonra 4-5 gündən bir oyunlar bizi gözləyir. Həmin periodda geniş heyətə ehtiyacım olacaq. Hər futbolçunun sağlamlığı bizim üçün önəmlidir.

Bu gün rəqib “Qarabağ” və ya “Neftçi” də olsaydı, qapıda yeni Mehdi Cənnətov olacaqdı. “Qəbələ” ilə oyunda bir az taktiki səhv idi. Keçən dəfə də bildirdim ki, bu, daha çox Ülvinin ustalığı idi. Bəlkə də çempionatımızda 10 ildə bir baş verəcək hadisədir. O da bizim başımıza gəldi. “Qəbələ” ilə oyunu çox yaxşı keçirmişdi.

Bundan sonra “Zirə”nin 3-4-cü yerlər uğrunda mübarizə aparacağını demək olar. Bu baxımdan bugünkü “Neftçi” – “Neftçi” matçıda həlledici olacaq. “Neftçi” qələbə qazansa, 3-4-cü yerlər uğrunda mübarizə aparan komandalar bir az qopacaq. Amma futboldur. “Sabah”ın 13 tura topladığı xal son 13 ildə çempionluq xalıdır. Sadəcə, bu il “Qarabağ” 13-də 13 edib. Ötən illərə boylansaq, nə “Qarabağ”, nə “Neftçi” 13 turdan sonra bu qədər xal toplaya bilib. “Sabah”la “Qarabağ” çox ambisiyalıdır. “Neftçi”də hansı vəziyyətdə olursa-olsun, hər zaman çempionatda favoritdir. Bu üçlük səviyyəcə digər komandalardan fərqlənir. Futboldur, sona kimi mübarizə aparacağıq. Hazırda bizim üçün 4-cü yer çox önəmlidir. Geridə olan komandalardan biri kuboku qazanmasa, 4-cü yerdə Konfrans Liqasına vəsiqə verir. Hər şeyi düzgün təhlil etməyə çalışırıq. Bizim üçün ilk məqsəd Konfrans Liqasına vəsiqə qazanmaqdır. Təbii ki, medal da olsa, bu, əlavə qazancdır. Hələ qarşıda çox oyunlar var. Qış fasiləsini komandaların necə keçirəcəyi çox önəmlidir. Çempionatın nəticəsinə təsir edəcək amillər olacaq. Mən özüm bir azarkeş kimi “Qarabağ”ın “Sabah”la oyununu səbrsizliklə gözləyirəm. Hər iki komanda möhtəşəm performans göstərir. Bu komandalar çempionatımıza rəng qatır. “Neftçi”ni də bu mübarizədən silməyə tələsmək olmaz. “Ağ-qaralar” şəxsən mənim çox xoşuma gəlir. Məncə, bu üç komanda arasında sona qədər gərgin mübarizə gedəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button