Rəşad Sadıqov: “Belə xallar çempionatın sonunda çox dəyərli olur”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 15-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qarabağ”la səfərdə oynamaq həmişə ağırdır. Xüsusilə də, komandanın hazırki formasında. Həqiqətən çox çətin oyun oldu. Futbolçularımız yaxşı mübarizə apardılar. Məğlub da ola bilərdik. Bizim üçün çox vacib xal qazandıq. Həmişə favorit komandalarla matçda qazanılan xal çempionatın sonunda çox dəyərli olur. Futbolçularımı təbrik edirəm”.

Sadıqovun sözlərinə görə, son vaxtlar komandada inkişaf görünür: “Mövsüm davam etdikcə, futbolçular da yaxşı formaya çatırlar. Komandanın əzmkar oynaması bizim üçün çox vacibdir. Mənim üçün ilk növbədə döyüşkənlik, daha sonra digər keyfiyyətlər gəlir. Daha da inkişaf etməliyik. Amma çempionat çox gərgin keçir. Mütləq hər oyundan xal və ya xallarla ayrılmaq lazımdır. Hələlik gedişat belədir. Qış fasiləsindən sonrakı turlar nə göstərəcək, bilmirəm. Avrokuboklara iddialı klublar nadir hallarda xal itirirlər. Ona görə də qazanılan hər xal çox dəyərlidir. Xüsusilə də “Qarabağ” kimi komanda ilə oyunda”.

Baş məşqçi qış fasiləsində heyəti gücləndirmək istədiklərini söyləyib: “Amma özünüz də bilirsiniz ki, qışda transfer etmək həmişə çətindir. Görək, necə olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button