Rəhimovun fiti niyə susdu?
Əmir
Azərbaycan Premyer Liqasının 24-cü turu növbəti sensasiya ilə əlamətdar oldu. Ötən həftə evdə “Turan Tovuz”a uduzaraq hamını təəccübləndirən “Sabah” bu dəfə “Şamaxı” ilə səfər oyunundan əliboş qayıtdı.
Oyunda “Şamaxı”nın sensasiyası ilə birlikdə ikinci hissənin əvvəlində yaşananan bir məqam da diqqət çəkdi. Belə ki, fasilədən sonra meydana çıxmış “Sabah”ın hücumçusu Namik Ələskərov görüşün 46-cı dəqiqəsində rəqibin cərimə meydançası daxilində kobudluqla dayandırılsa da, matçın baş hakimi Kamranbəy Rəhimovun fiti susdu. Bir neçə dəqiqə VAR otağında epizod müzakirə edilsə də, yekunda penaltinin olmaması ilə bağlı qərar verildi. Epizodun təkrarına baxıldıqda isə “Şamaxı”nın müdafiəçisinin arxadan Namikin həm ayağına təmas etdiyi, həm də, əli ilə itələdiyi aşkar görünürdü. Epizod zamanı meydan sahiblərinin müdafiəçisinin topa heç bir təması yox idi. Bu epizod baş verdiyi zaman oyunda hesab açılmamışdı.
Bu, son turlarda “Sabah”ın lehinə verilməyən ikinci penalti qərarıdır. Bir neçə tur öncə, “Qarabağ”la “Sabah”ın “Azersun Arena”da baş tutmuş matçında qonaqların futbolçusu Kristian Da Silvanın zərbəsindən sonra top cərimə meydançası daxilində meydan sahiblərinin üzvü Romaonun əlinə dəysə də, görüşün baş hakimi Elçin Məsiyev epizodu penalti kimi dəyərləndirməmişdi. Baş hakim VAR-dan bildiriş gəldikdən sonra epizodun videotəkrarına dəfələrlə baxsa da, yekunda qərarını dəyişməmişdi. Maraqlıdır ki, Məsiyev epizoda baxdıqdan sonra, qulaqcıqla bir xeyli kiminləsə məsləhətləşməsinin ardınca ilk verdiyi qərarda qaldı. Sözügedən epizod futbol ictimaiyyətində geniş müzakirələrə yol açmışdı.
Son üç turda “Sabah”ın lehinə verilməyən iki penalti ötən mövsüm baş vermiş bir tendensiyanı xatırlatdı. Belə ki, 2020/21 mövsümünün sonlarından etibarən, 2021/22-ci il mövsümünün sonlarına kimi təxminən 34 tur (!) “Sabah”ın lehinə penalti verilməmişdi. Bu oyunlar ərzində dəfələrlə 11 metrlik cərimə zərbəsinin təyin edilməsi ilə bağlı şübhəli epizodlar yaşansa da, hər dəfə hakimlərin qərarı “Sabah”ın əleyhinə olmuşdu. Həmin vaxt bu münasibət klub tərəfindən ciddi narazılıqla qarşılanmışdı.
Qeyd edək ki, “Sabah”ın baş məşqçisi Murad Musayev də “Qarabağ”la oyundan sonra təmiz penaltilərinin verilmədiyini xüsusi qeyd etmişdi.
Bizi Facebook-da izləyin