“Rəhbərliyin mənə belə göstərişi olmayıb” – Sənan Qurbanov
“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, səfərdə 1:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyuna istədiyimiz kimi başladıq. Əlimizdən gələni etdik. Futbolçular bacardıqlarını göstərməyə çalışdılar. Biz də rəqib qədər qol imkanları yaratdıq. Oyunumuzda irəliləyiş var. Artıq nəticə qazanmağın vaxtıdır. Müdafiədə boşluqlarımız var idi. Bunları analiz edib, oyunçulara çatdırmalıyıq ki, növbəti matçlarda səhvləri təkrarlamayaq. Komanda şəklində müdafiə olunmağa çalışırıq. Amma bəzən rəqibin futbolçusu elə qol vurur ki, ustalıq səviyyəsi özünü göstərir. Əlimizdə olan oyunçulardan maksimum istifadə etməliyik”.
42 yaşlı mütəxəssis nizam-intizam qaydaları ilə bağlı problemlərinin olmadığını bildirib: “Heç kim komandada ab-havanı poza bilməz. Bəzən hansısa futbolçu əvəzlənməyi sevmir. Şəhriyar Əliyev təcrübəli futbolçudur. O, xəstələndiyi üçün toplanışda bizimlə az məşq edib və bu səbəbdən bir az formasından uzaq qalıb”.
Qurbanov komandadakı psixoloji durumun yaxşı vəziyyətdə olmadığını söyləyib. O, hazırkı durumlarının ürəkaçan olmadığını sözlərinə əlavə edib: “İstefa rəhbərliyə aid olan məsələdir. Rəhbərliyin mənə belə göstərişi olmayıb. Mən peşəkaram və öz işimi görürəm. Oynadığımız komandalardan maliyyə və heyət baxımından üstün deyilik. Nə qərar verilsə, hörmətlə yanaşacağam”.
Bizi Facebook-da izləyin