Rəfiyevin tapançası, Abasovun əsirliyi

Kürşad

Samir Abasov vaxtı ilə “Neftçi”nin baş məşqçisi idi, necəsə oldu, Premyer Liqa çempionluğunu qazandı. Sonra baş verənlər rüsvayçılıq idi, komanda Çempionlar Liqasından, Avropa Liqasından, Konfrans Liqasından, bir sözlə, hər yerdən qovuldu. “Neftçi” avrokubok oyunlarında uduzduqca Abasov şikayətlənirdi, oyunçu sayının azlığından, əlinin altında keyfiyyətli futbolçuların olmamasından narazılıq edirdi. Mətbuatdan da dəstək verənləri var idi, “kişi düz deyir də, əlində yaxşı heyət olsaydı…”

Abasov başçılıq etdiyi “Sumqayıt”la eyni, hətta, bəlkə, daha aşağı səviyyədə olan Macarıstan “Fehervar”ına da iki oyunun cəminə görə uduzdu. Budur, yenə yer-göy, saytların manşetləri, üstü, altı onun şikayətləri ilə dolub-daşır. Yenə oyunçu sayından, keyfiyyətli futbolçu qıtlığından şikayətlənir. Mətbuatda dəstək verənləri də yenə yanındadır: “Kişi düz deyir də, əlində yaxşı heyət olsaydı…”

Xəbəriniz olsun, Samir Abasovun başına silah dirəyib, “Sumqayıt”da zorla, zorbalıqla saxlayıblar. Samir Abasovu “Neftçi”də də silah gücünə, zorla, zorbalıqla saxlayırdılar. Yoxsa, əmin olun ki, baş məşqçiliyin sirlərindən agah olmaq üçün Avropanın müxtəlif ölkələrinə səfərlər edən bu yoldaş tələblərinin qarşılanmadığını görüncə “Neftçi”dən də, “Sumqayıt”dan da ilk günlərdən başını götürüb qaçardı. Hə, çox güman, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev “Makarov” markalı tapançasını dirəyib Abasovun başına, “tərpənsən, təpənə bir güllə ilişdirəcəm” deyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button