Qərarı rəhbərlik verəcək – Tərlan Əhmədov
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqada “Neftçi” ilə qarşılaşdıqları oyundan (0:2) sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Əhmədov jurnalistlərlə görüşdə bunları deyib:
– Maraqlı oyun izlədik. Uşaq səhvlərindən qollar buraxırıq. Bu oyunda qalib gələ bilərdik. Penalti epizoduna yenidən baxacağıq. Məğlub olmuşuq, bununla barışmalıyıq. Qarşıda 12 oyun var. Xal ehtiyatlarımızı artırmaq istəyirik.
– Komandada gediş-gəliş çoxdur. Yenə gələnlər və gedənlər olacaq?
– Nə gələn olacaq, nə də gedən. Oyun baxımından geridə olmuruq, ancaq məğlub oluruq. Bəlkə də, komandanın özünə inamı yoxdur. Bunun üzərində çox çalışırıq. Ötən oyuna nisbətən bu dəfə daha yaxşı oynadıq. “Səbail”lə matçda komandamı tanıya bilməmişdim.
– Komandanın istədiyiniz kimi olması üçün nə qədər vaxt lazımdır?
– Artıq vaxt yoxdur. Daha yaxşı olmalıyıq.
– Uğursuz nəticələrin əsas səbəbi nədir?
– Psixoloji cəhətdən problemlər var. Məğlubiyyətə öyrəşən komandanı bir anda düzəltmək çətindir.
– Mövsümün sonunda da bu vəziyyət davam edərsə, taleyiniz necə olacaq?
– Qərarı rəhbərlik verəcək. Bu haqda bir şey deyə bilmərəm.
– Emin Mehdiyev Türkiyədə oyunlara çıxır… Onunla bağlı yaranan vəziyyətdə məsuliyyət kimdə idi?
– Biz futbolçunu seçirik, qalan işləri klubda bu işi görən şəxslər həll edir. Emin Mehdiyev yaxşı formada idi. Artıq bu, bizim üçün keçmişdə qalıb.
– Zaur Axundov müsahibəsində demişdi ki, PFL-ə texniki zonada əyləşmək üçün müraciət edəcək. Bu hal baş versə, narahatçılıq olacaqmı?
– Xeyr, mənim üçün problem yoxdur. Mən heç vaxt təzyiq yaşamamışam. Çünki irəliyə müsbət baxıram. Çalışıram ki, işimə müsbət yanaşım. Belə şeylər mənim üçün problem deyil.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin