“Qələbədən başqa nəticə haqda düşünmürük” – Joze Alesio
Futzal üzrə DÇ-2024-ün əsas seçmə mərhələsi çərçivəsində sabah Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün matçın keçiriləcəyi Afinadakı Teodoros-Putos İdman zalında son məşqini keçirib.
Komanda.az xəbər verir ki, hazırlıq prosesindən sonra baş məşqçi Joze Alesio Da Silva federasiyanın rəsmi saytına açıqlama verib:
“Komandada əhval-ruhiyyə yaxşıdır. Fikrimcə, Bakıda Polşa ilə matçda vacib qələbə qazandıq. Sadəcə, uşaqlarda yol yorğunluğu var. Bu gün görüşün keçiriləcəyi arenada ilk məsqimizi keçirdik.
Çox diqqətli olmalıyıq. Çünki oyun bizim qədər rəqib üçün də vacibdir. Məncə, bu duel Yunanıstan üçün növbəti mərhələyə yüksəlmək baxımından bəlkə də son şans olacaq. Ona görə onlar maksimum güc sərf edib, qələbə qazanmağa çalışacaqlar. Onlar 3 xal qazansalar, qrupda hər kəsin xalı bərabər olacaq. Məğlub olsalar, çox cüzi şansları qalacaq. Oyuncularla söhbət etmişəm, qələbədən başqa nəticə haqda düşünmürük.
Heyətlə bağlı müəyyən dəyişiklik olacaq. Felipinyonun cəzası başa çatıb və o, artıq meydana çıxa biləcək. Ancaq Fineo bu dəfə bizə kömək edə bilməyəcək. Onun zədəsi var. Bakıdakı matça həkimin köməyi ilə çıxmışdı, bu dəfə qərara gəldik ki, risk etməsin”.
Bizi Facebook-da izləyin