“Qəbələ”nin sabiq baş məşqçisi istefaya göndərildi
Rusiyanın “Lokomotiv” klubunda baş məşqçi dəyişikliyi qeydə alınıb.
Komanda.az xəbər verir ki, Moskva təmsilçisi Yuri Syominlə yollarını ayırmağa qərar verib.
Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Syominlə mayın 31-də müddəti bitəcək müqavilənin yenilənməməsinə qərar verilib. Klub rəhbərliyi təcrübəli mütəxəssisə indiyə qədər göstərdiyi bütün xidmətlərinə görə təşəkkür edib.
Artıq “Lokomotiv”in yeni baş məşqçisi də məlumdu. Klubun idarə heyəti Syomini Marko Nikoliçlə əvəz edib. Onunla müqavilənin müddəti açıqlanmayıb. Serbiyalı məşqçinin işinə gələn ayın – iyunun 1-dən etibarən başlayacağı diqqətə çatdırılıb.
Qeyd edək ki, 40 yaşlı Nikoliç məşqçilik karyerası ərzində daha çox öz ölkəsinin klublarında çalışıb. O, Sloveniyada “Olimpiya” (Lyublyana) və Macarıstanda “Fehervar” klubunun da baş məşqçisi olub.
Sonda onu da xatırladaq ki, 2016-cı ildən “Lokomotiv”ə rəhbərlik edən Yuri Syomin, 2013/14 mövsümündə “Qəbələ”nin də baş məşqçisi olub.
Bizi Facebook-da izləyin