“Qəbələ”nin daha bir futbolçusu Çexiya klubunda
Azərbaycanın daha bir gənc futbolçusu karyerasını ölkə xaricində davam etdirəcək.
Komanda.az xəbər verir ki, “Qəbələ”nin 18 yaşlı futbolçusu Samir Qurbanov Çexiyanın “Viktoriya” (Jijkov) klubuna transfer olunub.
Bu barədə futbol meneceri Vaqif Heydərli sosial şəbəkə hesabında məlumat yayıb. Digər gənc oyunçularımız kimi, Samirin də transferi məhz bu yöndəki fəaliyyəti ilə tanınan Heydərlinin səyi nəticəsində gerçəkləşib. Gənc futbolçularımızın ölkə xaricinə çıxarılmasında, müxtəlif klublara yerləşməsində böyük işlər görən menecerin sözlərinə görə, U-19 yığmamızın üzvü olan hücumameylli yarımmüdafiəçi 2 illik icarəyə verilib.
Qurbanov artıq yeni klubu ilə müqavilə imzalayıb. Jijkov klubu icarə müddətində “Qəbələ”yə ödəniş etməklə futbolçunun transfer hüququnu da ala bilər. Premyer Liqa təmsilçisi onun satışından da 20 faiz əlavə gəlir əldə edəcək.
1903-cü ildə yaradılan “Viktoriya” klubu 2 dəfə Çexiya Kubokunu qazanıb, 1 dəfə bu ölkənin 2-ci liqasının çempionu olub. Sözügedən klub Çexiya yüksək liqasında geridə qalan mövsümü 16 kollektiv arasında 14-cü yerdə başa vurub.
Xatırladaq ki, hazırda “Qəbələ”nin digər yetirməsi Fərid Nəbiyev də Çexiyanın “Slaviya” (Praqa) klubunda legioner həyatı yaşayır. Hansı ki, onun da bu ölkəyə gedişi məhz Vaqif Heydərlinin vasitəsilə baş tutub.
Bizi Facebook-da izləyin