“Qəbələ”nin Boluda 2-ci sınağı

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Bolu hazırlığının 8-ci günündə ikinci sınağına çıxacaq.

Komanda bu dəfə Ukraynanın digər təmsilçisi “Vorskla” ilə görüşəcək. İyulun 7-də bu ölkənin digər təmsilçisi “Mariupol”a 2:1 hesabı ilə qalib gələn Sənan Qurbanovun yetirmələri gücünü Poltava klubu ilə matçda da sınayacaq. “Koru” otelinin meydançasındakı görüş Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Əsası 1955-ci ildə qoyulan komanda 64 illik tarixində müxtəlif adlar altında çıxış edib. “Kolxoznik”, “Kolos”, “Selstroy”, “Stroitel”, “Vorskla-Nefteqaz” adlarını daşıyan komandanın uğurları Ukraynanın müstəqillik illərinə təsadüf edib. SSRİ-nin aşağı liqalarında oynayan Poltava təmsilçisi müstəqillik illərində Premyer Liqa həyəcanı da yaşayıb, nailiyyətlər də əldə edib. 2009-cu ildə Ukrayna kubokunu başı üzərinə qaldıran, həmin il Superkubokda qüvvəsini sınayan “Vorskla” iki dəfə – 1996/97 və 2017/18 mövsümlərində çempionatın bürünc mükafatçısı olub. Dəfələrlə avrokuboklarda oynamış komanda iki dəfə Avropa Liqasının qrupuna düşüb. Ötən mövsümdə Premyer Liqada 7-ci olan poltavalılar qitə səhnəsindən kənar qalıblar.

Yoxlama oyunu

11 iyul

12:00. Qəbələ – Vorskla
Bolu. “Koru” otelinin meydançası.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button