“Qəbələ”də sürpriz baş məşqçi dəyişikliyi: Qurbanov Həşimovun köməkçisi oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (1:0) sonra matça həsr olunan mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, öncə “qırmızı-qaralar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev media nümayəndələrinə baş məşqçi məsələsi ilə bağlı məlumat verib:

“UEFA-nın lisensiyalaşmasında ən vacib meyarlardan biri baş məşqçinin “Pro” kateqoriyasına malik olmasıdır. “Qəbələ”nin baş məşqçisi vəzifəsini tutan Sənan Qurbanov isə A kateqoriyasına sahibdir. Buna görə də bu məsələnin həll olunması üçün müəyyən addım atmalı idik. Bu da məşqçilər korpusunda yer alan Zaur Həşimovun rolu ilə gerçəkləşəcək. Bildiyiniz kimi Həşimov bir müddət öncə Pro kateqoriyalı lisenziya əldə edib. Sənəd üzərində struktur dəyişikliyi ediləcək. O, sənədləşmədə baş məşqçi kimi göstəriləcək. Lakin iş bölgüsündə dəyişiklik olmayacaq. Sənan Qurbanov komandanın baş məşqçisi, Zaur Həşimov isə məşqçi kimi fəaliyyətini davam etdirəcək. Məsələnin digər tərəfi isə odur ki, nə ölkəmizdə, nə də postsovet məkanında 2020-ci ilədək “Pro” kursları təşkil olunmayacaq. Bu səbəbdən də belə addım atdıq”.

Həşimov da sənəddəki dəyişikliyə münasibət bildirib: “Qəbələ”yə dəvət olunduğum gündən bu qısa müddətdə komanda üçün əlimdən gələni etməyə çalışmışam. İndi belə vəziyyət yarandı ki, bu baxımdan da köməyim lazımdır. Mən də etiraz etmədim. Mənim üçün də xoşdur ki, komandaya xeyrim dəyir. Amma bütün baş məşqçi səlahiyyətləri yenə Sənan Qurbanovdadır və görüşlə bağlı sualları da ona ünvanlaya bilərsiz”.

Konfrans Sənan Qurbanovun iştirakı ilə davam edib ki, 39 yaşlı mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb: “Oyuna çox ciddi hazırlaşmışdıq. İlk yarı başa çatandan sonra futbolçularda məsuliyyəti hiss etmişdik. Həm Bakı, həm Türkiyədə hazırlıqdan maksimum faydalanmağa çalışdıq. Hazırlıq oyunları bizdə inam yaratdı ki, ikinci yarıya qələbə ilə başlaya bilərik. Bugünkü görüşə yaxşı başladıq. Sonra futbolçularda bir az durğunluq yarandı. Bu da daha çox qələbə qazanmaq istəyimizlə bağlı idi. İlk hissədən sonra futbolçulara verilən tapşırıqlara müəyyən dəyişikliklər etdik. Vacib qələbə qazandıq. “Sumqayıt” yaxşı təşkil olunmuş, əks-hücumlarda sürətli olan komandadır. Bunları analiz etmişdik. Futbolçular tapşırıqları yerinə yetirdilər, rəqibin əks-hücumlarının qarşısını ala bildilər. Cavid Hüseynov komandamızın kapitanı, yüksək səviyyədə liderlik keyfiyyətləri var. Top itkisi baş versə də, komandaya faydalı oldu, tapşırıqları hamı kimi yerinə yetirdi. Oyunu analiz edib, səhvləri düzəltməyə çalışacaq, bütün komanda şəklində növbəti oyuna hazırlaşacağıq. Amin Seydiyev məşqlərdə özünü çox yaxşı tərəfdən göstərirdi. Matçlarda oynamasa da, çox istəkli idi. Türkiyədəki yoxlama oyunlarında da belə oldu. Bu gün ondan razı qaldım”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button