“Qəbələ” müəmması: Heydərov klubu heç kimə vermir!
Tale Heydərovun “Qəbələ”nin prezidenti postundan istefasından sonra klubla bağlı bir neçə suala hələ də aydınlıq gəlməyib. Ən azı rəsmi şəkildə…
Amma “Qəbələ”nin gələcəyi ilə bağlı qeyri-rəsmi xeyli fikirlər, versiyalar səslənir. Komandanın AFFA-nın nəzarətinə keçə biləcəyindən tutmuş, ərəblərin “qırmızı-qaralar”a sponsorluq edəcəyinə kimi.
Komanda.az-ın əldə etdiyi məlumata görə, Qəbələ klubu nə AFFA-nın nəzarətinə keçəcək, nə də komandaya kənar sponsor cəlb olunacaq. “Qırmızı-qaralar” yenə Heydərovun nəzarətində olacaq. Ən azı mövsümün sonuna kimi belə davam edəcəyi deyilir. Hazırda “Qəbələ”də prezident postu boşdur ki, bunun da səbəbi rəsmi olaraq getdiyini bildirən Heydərovun qeyri-rəsmi olaraq klubun sahibi olmasıdır. Ola bilsin ki, qarşıdakı günlərdə Heydərovun razılığı ilə kimsə prezident postuna keçsin. Amma bu, formal bir şey olacaq.
Tale Heydərovun “Qəbələ” sevgisinin nə qədər davam edəcəyi isə tam olaraq bilinmir. Bu, ola bilər ki, “qırmızı-qaralar”ın Avropa Liqasına vəsiqə qazanmasından asılı olsun. Komanda Avropa arenasına çıxsa, Heydərovun Qəbələ klubuna nəzarəti davam etdirəcəyini ehtimal etmək olar. “Qəbələ” avrokuboklara vəsiqə qazanmasa, Heydərov çox güman ki, klubla rəsmi vidalaşdığı kimi, qeyri-rəsmi də yollarını ayıracaq.
Bizi Facebook-da izləyin