“Qəbələ” Konfrans Liqasında iştirak etməyə layiqdir” – Fariz Nəcəfov
“Komandaya, məşqçilər heyətinə təşəkkür edirəm. Layiqli qələbə qazandıq. Həm çempionatda dördüncü yeri, həm də kuboku nəzərdə tuturam. Bütün azarkeşlərimizi təbrik edirəm”.
Komanda.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin prezidenti Fariz Nəcəfov söyləyib.
“Qəbələ” Azərbaycan kubokunun finalında “Neftçi”yə 1:0 qalib gələrək kuboku qazanıb. Nəcəfov həmin görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
O, komandanın heyətini qoruyub-saxlamağın çətin olduğunu deyib: “Çox çətindir. Amma komandanın əsas sütununu qorumağa çalışacağıq”.
Klub prezidenti yaxında komandanın baş məşqçisi Elmar Baxşıyevlə müzakirələr aparacaqlarını deyib: “Bununla bağlı yaxın günlərdə baş məşqçi ilə görüşəcəyik. Gedən futbolçuların yerinə yenilərini transfer etmək məcburiyyətindəyik”.
Nəcəfov bildirib ki, büdcə ilə bağlı dəyişiklik yoxdur: “Xeyr. Ciddi bir dəyişiklik yoxdur”.
O, “Qəbələ”nin Konfrans Liqasındakı şansını da dəyərləndirib: “Gücümüz, potensialımız nəyə çatırsa, onu etməyə çalışırıq. Komanda Konfrans Liqasında iştirak etməyə layiqdir. Orada necə iştirak edəcəyimizi zaman göstərəcək. Komandanın gücündən artıq nəsə edəcəyimizi deyə bilmərəm”.
Klub prezidenti komandanın legionerlərinə edilən transfer təklifləri haqqında danışıb: “Məndə olan məlumata görə, legionerimizin ilk danışıq aparacağı klub “Qəbələ”dir. Bizimlə razılaşmasalar, başqa kluba gedəcəklər”.
“Qəbələ” iki dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Buna görə də komandadan gözləntilər çoxdur. Nəcəfov bu haqda belə deyib:
“Yəqin ki, Konfrans Liqasında bizim potensial rəqiblərimizi görmüsünüz. Başqa söz demək istəmirəm. Potensialımızdan maksimum istifadə edib ölkəmizi layiqli şəkildə təmsil etməyə çalışacağıq”.
O, sonda baş məşqçi Elmar Baxşıyevin “Qəbələ”də qalacağını qeyd edib.
Bizi Facebook-da izləyin