“Qəbul edirik ki, oyunumuz əla deyil” – Samir Abasov
“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında deyib.
“Məğlub olandan sonra danışmaq çətindir. Amma danışmalıyıq və düzünü deməliyik. Futbolçuların günahı yoxdur. Rəqibi təbrik edirik. Düşən şanslardan yaralandılar. Oyuna kimi olan proseslərdən danışmaq istəyirəm. Qış toplanışından sonra “Səbail”lə oynadıq, 0:1 hesabı ilə geriyə düşdük. Bərbad oynadıq, amma oyunçuların fərdi keyfiyyətlərinə görə qələbə qazandıq. Yenə iki həftəlik fasilə oldu və “Zirə”yə uduzduq. Belə məğlubiyyət məşqçi heyətinin günahıdır. Futbolçuları yetərli qədər hazırlaşdıra bilmədik. Problemimiz “Sumqayıt” deyil. İyirmi günlük fasilədən sonra komandanı yaxşı hazırlaya bilmədik. Məşqçilər olaraq bunun öhdəsindən gələ bilmədik. Bu, bizə zərbədir. Təəssüf ki, bununla üzləşdik. Futbolçularda motivasiya var idi, amma intizamdan qopmaları bizi üzdü. Yığmanın da oyunçuları komandaya gec qoşuldu. Amma 23 futbolçunun heç birində zərrə qədər günah görmürəm”.
Abasov komandada aqressivliyin olmaması ilə razılaşmayıb: “Bəlkə də daha çox idi. Ona görə intizamdan qopduq. Udmaq üçün nə etmədilər? Hər şey etdilər. İyirmi günlük fasilədən düzgün istifadə etmədik”.
O, görüşdən sonra rəqib baş məşqçi ilə görüşməməsinə də toxunub: “Onunla aramızda inciklik yoxdur. Tez meydana girdim ki, uşaqları sakitləşdirim. Ayxan müəllimlə münasibət qaydasındadır”.
Abasov yaponiyalı oyunçu Keysuke Honda haqqında çox danışmaq istəməyib: “Bu gün hansısa oyunçudan xüsusi danışmaq istəmirəm. Üzücü olan komandanın oyunu idi, onun içində Honda da var idi”.
Mütəxəssis bildirib ki, bu gün başqa kollektivlə oynasaydılar belə, yenə məğlub olacaqdılar: “Sumqayıt” yox, hansı komanda olsaydı, uduzacaqdıq. Bu gün özümüzə qarşı oynadıq, bərbad alındı. “Neftçi” olaraq qələbə qazanmağa məhkumuq. Biz qəbul edirik ki, oyunumuz əla deyil. “Sumqayıt”a qarşı 20 günlük fasiləni dəyərləndirə bilmədik. Həddindən artıq boşaldıq”.
Bizi Facebook-da izləyin